Qəzzada Böyük qayıdış yürüşünün qurbanlarının sayı açıqlanıb

Qəzzada Böyük qayıdış yürüşünün qurbanlarının sayı açıqlanıb

Qəzza Səhiyyə Nazirliyi martın 30-dan etibarən start verilmiş Böyük qayıdış yürüşü ərəfəsində İsrail silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş fələstinlilərin sayını açıqlayıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, iyulun sonunadək davam etmiş dinc aksiyada amansızlıqla öldürülmüş fələstinlilərin sayı 155 nəfər olub, 17 529 nəfər isə müxtəlif dərəcəsi xəsarətlər alıb.
 
İşğalçı İsrail rejim əsgərləri tərəfindən öldürülənlərdən 23 nəfər yaşı 18-dən aşağı olan uşaq və yeniyetmələrdir, üç nəfər isə qadındır. Statistikaya əsasən xəsarət alanların 3279 nəfəri uşaq, 1553 nəfəri isə qadındır.
 
Nazirlik xəsarət dərəcələrini müəyyən edərək bildirib ki, 404 nəfər ağır bədən xəsarəti, 4141 nəfər orta dərəcəli xəsarət, 4354 nəfər isə yüngül xəsarət alıb.
 
Məlumata görə, xəsarətlərin 4348-i həqiqi güllə, 430-u rezinlə örtülmüş polad güllə, 1593-ü zəhərli qaz tənəffüsü və 2700-ü isə digər səbəblərdən baş verib. 67 amputasiya halı baş verib ki, bunların əksəriyyəti aşağı ətrafların, ikisi yuxarı ətrafların və altısı isə barmaqların itirilməsi ilə nəticələnib.
 
Dörd ay davam etmiş aksiya zamanı iki tibb personalı öldürülüb, 360-ı isə həqiqi güllə və zəhərli qaz səbəbilə xəsarət alıb, 69 təcili yardım maşınına ziyan dəyib.
 

Google+ WhatsApp ok.ru