R.Əhmədli: Hakimiyyət bu qudurğanlığın qarşısını almalıdır, əks halda...

Son vaxtlar inanclı insanlara qarşı ölkədə baş verənlər hanısa bir fitnəyə bənzəyir, sanki hansısa bir qüvvə bilərəkdən bu qarşıdurmanı yaradır. Bu şərhi Turan-a Qarabağ İslami Müqavimət Hərəkatının (QİMH) rəhbəri Hacı Rövşən Əhmədli “Müsəlman Birliyi” Hərəkatının sədri Hacı Taleh Bağırzadəyə bu il noyabrın 4-də edilən zorakılıq və ondan sonrakı hadisələrlə bağlı verib.
 
O, Azərbaycanda məhərrəmlik ayı başlayandan bu yana inanclı kəsimə qarşı təzyiqlərin işə düşdüyünü deyərək, buna nümunə kimi oktyabrın 23-də Gəncədə baş verən hadisələri xatırladıb. Onun fikrincə, inanclı insanlara təzyiq edənlər bilərəkdən dini mərasimlərin mahiyyətini dəyişməyə çalışırlar. Bunu media və ictimai şüura hakimiyyətlə inanclı kəsim arasında qarşıdurma kimi təqdim etmək istəyirlər. R.Əhmədliyə görə, bu təzyiqlərdə daha bir hədəf diqqəti seçki saxtakarlıqlarından və ölkənin təhlükəsizliyinə cavabdeh olan xüsusi xidmət orqanında üzə çıxan rüsvayçılıqlardan yayındırmaqdır. Bundan irəli gələrək, diqqət inanclı kəsimin üzərinə yönəldilir. “Hüquq-mühafizə orqanlarının belə baxışı biz inanclı insanlarda ciddi narahatlıq yaradır”, - deyə R.Əhmədli hadisələrə münasibət ifadə edib.
 
Hərəkat rəhbəri noyabrın 4-də T.Bağırzadənin Yasamal rayon polis idarəsinin rəisi İsfəndiyar Mehbalıyev tərəfindən zorakılığa məruz qalmasını  insanlığa yaraşmayan hərəkət kimi dəyərləndirib. “Bu adam bir dəfə polisdən qovulub, sonra yenidən gəlib, atası parlamentdə oturur, adı da daim qalmaqallı işlərdə hallanır, bu qudurğanlıqlar cəzalandırılmasa, haqsızlığın davamı olacaq”, - deyə R.Əhmədli hakimiyyəti tədbirlər görməyə çağırıb.
 
“Müsəlman Birliyi” Hərəkatının rəhbərlərindən Elçin Qasımovu polisin saxlamasına cavab olaraq dindarların Sabunçu rayon polis idarəsi önünə toplanmasını R.Əhmədli dindarların etirazı adlandırıb. Onun sözünə görə, bu saxlanmalarla bəzi qüvvələr dindarlarda qıcıq yaradıblar və dindarların hansı  reaksiya verəcəklərini bilirdilər. “Dindarların polis idarəsi önünə toplanması qudurğanlığa etiraz idi”, - deyə R.Əhmədli inanclı kəsimin hərəkətinə münasibət ifadə edib. Onun fikrincə, bu, normal, kifayət qədər də ölçülü-biçili etiraz olub. Bu etiraz da hüquq olaraq vətəndaşların haqqıdır.
 
Hakimiyyətə çağırış edən R.Əhmədli qanunazidd əməllərin qarşısını almağa çağırıb, əks halda nə dindara, nə qeyri-dindara sərf etməyən xoşagəlməz hallar baş verə biləcəyi xəbərdarlığı edib.  /
 

Google+ WhatsApp ok.ru