Rəhmət dini və cəza tədbirləri - 5

Rəhmət dini və cəza tədbirləri - 5

İslama tutulan irad və bəhanələrdən biri də ondakı “cəza tədbirləri”dir. Onlar deyirlər ki, günahkar bir şəxsin bədəninə yüz şallaq vurmaq qəddarlıq deyilmi? Bir anlıq iffət pərdəsini yırtan kişi və ya qadının daş-qalaq edilməsi rəhmət və şəfqətlə necə uzlaşır? Oğrunun əl-ayağını kəsməyi necə rəhmət və şəfqət adlandırmaq olar? Ümumiyyətlə, cəza tədbirləri qəddarlıq deyilmi?
 
Cavab: “Cəza tədbirləri” ilk baxışda sərt görünsə də, onları da İslamın rəhmət və şəfqəti çərçivəsində görməliyik:
 
a) Caza tədbirlərinə dair nəql edilən hədislər bizə İslamın idarə sistemi haqda yeni təfəkkür tərzi aşılayır. Diqqətinizi iki nümunəyə cəlb edirik:
 
1. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Bir cəza tədbiri qırx gecə-gündüz yağış yağmaqdan xeyirlidir.” (“Vəsailuş-şiə”, c.18, səh.308.)
 
Belə tədbirlərin ilahi rəhmət olaraq yer əhlinə nazil edilən yağışa bənzədilməsi yeni bir baxışdır. İslamda cəzalar cəmiyyətin dezinfeksiyası üçündür. Misal üçün, asayiş və əmin-amanlığı pozub, camaatın canı, malı və namusuna qənim kəsilərək onları qorxuya salanı “müharib”, yaxud narkotik maddələri paylayıb gənc nəsli məhv edəni “yer üzündə fitnə-fəsad törədənlər” ünvanı ilə cəzalandırmaq qəddarlıqdırmı?!
 
Bizim etiqadımıza görə, hətta cəzaya məhkum olunmayanlar da Allah-Taalanın təqdiri ilə hökmən çirkin işlərinin nəticəsini görəcəklər.
 
2. İmamı Kazim (ə) “Allah yeri ölümündən sonra dirildəcəkdir!” – ayəsini (“Hədid”, 17.)belə izah edir: “Məqsəd quru torpaqların təkcə yağışla dirilməsi deyil. Allah-Taala dünyada ədaləti bərpa edən (himmətli və ixlaslı) kişilər göndərəcək. Yer üzü ədalətin bərpası nəticəsində diriləcək və yer üzündə ədaləti bərpa edən bir cəza qırx gecə-gündüz yağış yağmaqdan faydalıdır.” (“Vəsailuş-şiə”, c.18, səh.308, hədis 3.)
 
Diqqət yetirmək lazımdır ki, qeyd edilən hədisdə intiqam və qəddarlıqdan əsər-əlamət yoxdur, əksinə rəhmət, məhəbbət və cəmiyyətdə ədalətin bərpasından söz açılır.
b) Şəri cəza tədbirlərinin keyfiyyətinə diqqət yetirərkən İslamın daha artıq rəhmət və məhəbbət nümunələrinin şahidi oluruq.
 
Məsələn, bir çox cəza tədbirləri dörd nəfərin şahidliyi və yaxud insanın özünün dörd dəfə iqrarı ilə sübuta yetir, dörd nəfər insaflı şəxs fılan kişi ilə qadının iffətə zidd əmələ qurşandığınğ gördüyünə şəhadət verdiyi təqdirdə, onlar cəzaya məhkum olunur.
 
Sual budur ki, görəsən, belə bir təsadüf mümkündürmü? Biz rəvayətlər və tarix kitablarında hətta bir nümunə də olsun belə iffətsiz əməlin şahidlərin şəhadəti ilə isbat edildiyini görməmişdik. Bu da ki, günahkarların halına şamil olan İslamın geniş rəhmət və məhəbbətini göstərir.
 
Günahkarın günahının isbat olunmasının ikinci yolu onun öz günahını iqrar etməsidir. Onun da bir sıra şərtləri vardır ki, biri onun öz günahını dörd dəfə iqrar etməsidir; özü də hər bir iqrar ayrı-ayrı yığıncaqda olmalı və hətta bir yığıncaqda dörd dəfə iqrar bir dəfə hesab olunur!
 
Yaxud günahkarın günahı isbat olunmamışdan qabaq şəriət hakiminin hüzurunda tövbə edib işindən peşman olduğu, peşmançılığı da tam bilindiyi surətdə cəza hökmündə dəyişikliklər yarada bilir. (“Vəsailuş-şiə”, Şeyx Hürr Amuli, c.18, səh.327.)
 
Buna dair nümunələr çoxdur və biz burada onlardan birini qeyd etməklə Peyğəmbərin (s) həqiqi canişini İmam Əlinin (ə) zamanında öz ayağı ilə mühakimə stolu arxasında dayanan bir günahkara qarşı olunan ülfət və mehribanlığı sübut etmək istəyirik:
 
İffətsiz əmələ qurşanan bir qadın İmam Əlinin (ə) hüzuruna gəlib, “zina”ya görə cəzalandırılmasını və günahdan paklanmağını istəyir. İmam Əli (ə) buyurur: “Get, uşağını dünyaya gətirdikdən sonra gələrsən.”
 
Qadın geri dönüb uşağını dünyaya gətirdikdən sonra, yenə öz istəyini təmənna edir. Həzrət (onu fikrindən yayındırmaq və şəkkə salmaq üçün) müxtəlif suallar verdikdən sonra buyurur: “Get, uşağını saxla və südvermə dövrü qurtardıqdan sonra gələrsən.”
 
Qadın iki il keçdikdən sonra üçüncü dəfə Həzrətin hüzuruna gəlib cəzalandırılmağını istəyir. Həzrət yenə müxtəlif suallardan sonra buyurur: “Get, övladını boya-başa çatdır ki, özünü təhlükələrdən qoruya bilsin. Ondan sonra gələrsən və cəza hökmünü icra edərik.”
 
Qadın ağlaya-ağlaya geri qayıdır... (“Vəsailuş-şiə”, c.18, səh.378, hədis 1.)
 
Göründüyü kimi, bir günahın isbatı asan deyil. Günahkar öz günahını iqrar etməyincə, onu isbat etmək çətindir. Bu isə İslamın rəhmət və məhəbbət nişanəsidir.
Əgər İslamın qayda-qanunları sərt olsaydı, bir günahın isbatı üçün bu qədər çıxış yolları qoyulmazdı!
 
c) Günahkarın məhkum olunduğu və şəriət hakiminin də qərar çıxardığı təqdirdə də, yenə onun icra keyfiyyətindəki bir sıra bəndlər İslamın rəhmət və məhəbbətini göstərir. Nümunə olaraq onların bir neçəsinə qısa şəkildə nəzər salaq:
 
1. Şallaqdan istifadə edilən cəza hökmləri günahkara daha çox əziyyət verən qış fəslinin şiddətli soyuq günlərində yox, mülayim günlərdə icra olunmalıdır.
 
2. Yay fəsli də eynilə belədir; şiddətli isti havalara nisbətən mülayim günlər nəzərə alınmalıdır. (“Vəsailuş-şiə”, c.18, səh.315.)
 
3. Cəza hökmü günahkarın yuxuda yox, oturduğu, yaxud durduğu halda icra olunur ki, zərbələr bu iki halda yavaş vurulur və günahkar az ağrı hiss edir. (“Vəsailuş-şiə”, c.18, səh.369, hədis 1.)
 
4. Günahkar xəstədirsə, sağalana qədər hökm təxirə salınır. (“Vəsailuş-şiə”, c.18, səh.320.)
 
5. Günahkar hamilədirsə, uşağını dünyaya gətirənə qədər gözlənilir. (“Vəsailuş-şiə”, c.18, səh.378.)
 
Bunlardan başqa, digər qayda-qanunlar da vardır ki, onlar bütünlüklə İslamın günahkara qarşı rəhmət və məhəbbətini bildirir. (Əlavə məlumat üçün fiqh kitablarına müraciət edilsin.)
 
Bir sözlə, İslamda cəza tədbirlərini təfərrüatı ilə araşdıran insaflı insan heç vaxt İslamın rəhmət, şəfqət və məhəbbətdən əsirgədiyinin şahidi olmayacaq. Odur ki, İslamın caza tədbirləri cəmiyyət üçün qırx günlük yağışdan bərəkətli və faydalıdır! (“İlahi bəndələrin səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.24-28.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru