`Ramazan ayı insanlara verilmiş misilsiz fürsətdir`

`Ramazan ayı insanlara verilmiş misilsiz fürsətdir`

-- Ramazan ayı münasibətilə ruhani Qədir Məmmədovla müsahibə

Bismillahir-Rəhmanir-Rəhim

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, ruhani Qədir Məmmədovdur.

1.  İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısiniz? Bu barədə maraqlı xatirələriniz...

İlk növbədə sizi, oxucularınızı və bütün müsəlmanları rəhmət, bağışlanmaq və bərəkət dolu müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm.

İlk dəfə müqəddəs ayda bütünlüklə oruc tutmaq mənə 13 yaşımda – 1994-cü ildə nəsib olmuşdur. Həmin zaman dini tələbəliyimin ilk çağlarına təsadüf edirdi. Təkcə Quranı üzündən oxuyur və risalədən bir neçə məsələ bilirdim. Yeni mühit və yeni dostlarla birlikdə olmaq çox maraqlı idi. İlk dəfə olaraq mübarək ayda görmədiyim və bilmədiyim mənəvi ab-hava ilə rastlaşırdım. Uzun qış gecələrində tələbələrin böyük şövqlə ibadətlərini görürdüm. Bu ayda ilk olaraq öyrəndiyim dua mübarək ayda oxunan “Ya Əliyyu, Ya Əzim...” duası idi. Cəm halında oxumaq üçün səbirsizlənir və mənasını öyrənmək üçün gah ustada, gah da özümdən böyük tələbələrə müraciət edirdim.

2.  Orucluq haqda şəxsi təəssüratlarınız nədir?

Mübarək Ramazan ayı Allah-Taalanın bəndələrinə bəxş etdiyi bir fürsətdir. Əqidə, inanc və əməllərimizdəki yanlışlıqlara düzəliş vermək, onlardan tövbə edib qayıtmaq və sonda Uca Rəbbimizlə əhd-peymanımızı yeniləmək üçün verilmiş böyük bir fürsətdir. İl boyu qapısından qaçdığımız mərhəmətli varlığın yenidən qapısına gələrək “Pərvərdigara, bəndən qapına gəlib!” deməsi üçün əlverişli bir fürsətdir.

3.  Oruc haqqında Peyğəmbər (s) və ya Məsumlardan bir hədis sizin dilinizdən eşidək.

 Məsumlar (ə) tərəfindən əvvəli rəhmət, ortası bağışlanmaq, sonu cəhənnəm odundan qurtuluş olaraq tanınan bu ay barədə Allah Rəsulu (s) “Şabaniyyə” xütbəsində bu ayın fəzilət və gözəlliklərini sadaladıqdan sonra belə buyurur: “Bu böyük ayda Allahın bağışlamasından məhrum qalan hər bir kəs bədbəxtdir.”

4.  Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiz.

Bu mübarək ayda ən çox müraciət olunan məsələlərdən biri “müsafir” in hökmləridir. Oruc tutan şəxs günorta azanından sonra səfərə çıxarsa, orucunu tutmalıdır. Əgər günortadan öncə səfərə çıxarsa orucu batildir. Bu surətdə tərəxxüs həddini qət etməyincə orucunu iftar edə bilməz. Əgər müsafir günortadan öncə vətəninə və yaxud 10 gün qalacağı yerə çatarsa və orucu batil edən işlər də yerinə yetirməyibsə, oruc niyyəti edib oruc tutmalıdır. Əgər orucu batil edən işlər yerinə yetiribsə, o günün qəzasını tutacaqdır.

5.  Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Orucluğun İslam cəmiyyəti üçün ən əsas təsirini Allah-Taala orucun vacib olma səbəbini izah edərkən buyurmuşdur. Orucun başlıca təsiri təqva əldə etməkdir. Təqva müsəlman və möminlərin ayrılmaz özəlliyi olmalıdır. Təqva, olacaqlar və olmayacaqları təyin etmək üçün ən gözəl xüsusiyyətdir. Təqvalı cəmiyyət dəyərli, agah və bəsirətli cəmiyyətdir. Təqvalı cəmiyyət üzərinə düşən vəzifə və öhdəçiliyi əldə etdiyi təqva gücündən anlayan cəmiyyətdir.

6.  Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumaq istəyərdiz?

Allah-Taala insana dəyər verərək, məhz bu ayda onun ünvanına kitab nazil etmişdir. Hər bir sətri, hər bir kəlməsi, hər bir ayə və surəsi bizə əziz və müqəddəsdir. “Tövbə” surəsinin 24-cü ayəsində Allah-Taala insanlarda olan 8 bağlılıq və ilahi sevgi arasındakı seçimdən danışır. Mənə elə gəlir ki, insan qəlbinə təkan verən ayələrdəndir: “De: Əgər atalarınız, övladlarınız, qardaşlarınız, xanımlarınız, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (və əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz.”

7.    Ramazan ayı barədə Məsumlardan və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiz zəhmət olmasa.

Ənəs ibn Malik illərlə Peyğəmbərin (s) xidmətçisi olmuşdur. O, Peyğəmbərin (s) süd, yaxud şərbət və çox sadə yeməklərlə iftar etdiyini nəql edir. Həm iftar, həm də obaşdanlıqda o həzrətin yeyəcəkləri bunlardan ibarət idi. Bəzən də, təkcə bir vədə yeməklə kifayətlənirdi. Günlərin birində o həzrət iftar vaxtı evə gəlmədi. Gec olduğunu görüb düşündüm ki, yəqin səhabələrdən kimsə o həzrəti iftara dəvət edib. Hazırladığım iftarı yedim. Az sonra Peyğəmbər (s) səhabələrdən biri ilə evə daxil oldu. Xəlvətcə o səhabədən Allah Rəsulunun (s) kimin evində iftar etdiyini soruşdum. Səhabə isə Peyğəmbərin (s) iftar etmədiyini və bu saata qədər hansısa bir müsəlmanın probleminin həlli ilə məşğul olduğunu bildirdi. Utandığımdan nə edəcəyimi bilmirdim. Allah Rəsulunun (s) məndən iftar istəyəcəyini və ona üzrümü açıqlayacağım anı gözləyirdim. Amma o an heç vaxt yetişmədi. Gedişatdan məsələni anlayan Allah Rəsulu (s) iftar istəmədən və iftar etmədən birbaşa yatağa getdi və ömrünün sonuna qədər bu məsələnin üstünü açmadı.

8.  Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı ?

Tövsiyə yox, xahiş etmək istəyirəm. Belə ki, hamılıqla bir-birimizi dua edək. Allahdan bir-birimizə rəhmət, bağışlanmaq və bərəkət diləyək. Bu müqəddəs ayın hər bir gününün sonuncu gün olduğunu düşünək. Allah-Taala bu ayda saleh bəndələrinə bəxş etdiyi bütün gözəllikləri möminlərə bəxş etsin, saleh bəndələrindən uzaqlaşdırdığı bütün pislikləri möminlərdən uzaqlaşdırsın!

Google+ WhatsApp ok.ru