RAMAZAN – TƏLİM-TƏRBİYƏ AYI

Mübarək Ramazan ayı bəndələrin Allah dərgahına qonaq çağırıldığı günlərdir. Bu bərəkətli ayın süfrəsinin bəzəyi mehriban Allahın nazil etdiyi “Qurani-Kərim”dir. Ziyafətin sahibi bu qonaqlıqda səadət və xoşbəxtlik, xeyir və bərəkət qaynağı olan həyat kitabını əziz qonağına töhfə edir. Odur ki, Ramazan ayı həqiqi həyat təlim-tərbiyəsinin təməli qoyulduğu aydır. Mübarək Ramazan ayında insanların qəlbi ilahi nura boyanır, duaları mütəal Allahın dərgahında qəbul olunur.
 
İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə – bəşəriyyətin kamilliyinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Demək, orucluq müəyyən müddət ərzində ac və susuz qalmaqla yanaşı, özündə geniş anlamlar ehtiva edir. Məsələn, oruc tutan şəxs maddi nemətlərdən çəkindiyi kimi, saleh əməllər yerinə yetirməli, gözəl əxlaq nümayiş etdirməli, ətrafdakılarla xoş davranmalı, yalan danışmamalı, ümumiyyətlə, bütün müsbət keyfiyyətlərlə mənəviyyatını zənginləşdirməlidir. Oruc tutanlar bu ayın mənəviyyat və səfa-səmimiyyətlə dolu anları sayəsində iman ruhlarını möhkəmlədir, əməllərini cilalayırlar. Bu dəyərli anlarda onların hətta qeyri-iradi işləri belə ibadət sayılır. Onlar Allah-Taalanın nurlu kəlamlarını tilavət etdikcə mənəviyyat səmasında pərvaz edirlər.
 
Hədis və rəvayətlərdə mübarək Ramazan ayında Quran oxumaq daha çox tövsiyə edilir və buna dair hədsiz savablar nəzərdə tutulur. Məsələn, bu ayda oxunan bir ayəyə başqa aylarda oxunan bütöv Quranın savabı verilir. Elə buna görə də, ən fəzilətli vaxtlar Qurana ayrılan vaxtlardır.
 
Allahın həqiqi qonaqları mübarək Ramazan ayında Onun kitabı ilə daha çox ünsiyyət bağlayır, nurlu süfrəsində daha çox diz çökür və hər hansı sıxıntı və dərdlərinə məlhəm qoyurlar.
 

Google+ WhatsApp ok.ru