Ramazan ayı bir fürsətdir!

Ramazan ayı bir fürsətdir!

Bağışlayan və mehriban Allahın adı ilə!

Əziz qardaş və bacılarım!

Bu günləri və gecələri qənimət bilməyinizi təkidlə tövsiyə edirəm.  Bizim bu saatlardan, bu günlərdən, bu bərəkət dolu gündüz və gecələrdən maksimum bəhrələnməyə ehtiyacımız var. Bunun üçün biz məna aləmi, qeyb aləmi  ilə mənəvi rabitəmizi gücləndirməli, aləmlərin Rəbbi qarşısında acizanə surətdə dua və yalvarış etməli, Əhli-Beyti (ə) – o mükərrəm xanədanı bütün işlərimizdə bizə rəhbər olaraq bağlayan bağları möhkəmləndirməliyik. Bu, mömin və çalışqan bir insanın Haqq yolunda görə biləcəyi bütün xeyir işlərin əsasıdır.

Bu saatlardan, bu fürsətdən istifadə etməsək, bir gün buna peşman olacaq, təəssüflənəcəyik.

و انذرهم يوم الحسرة اذ قضى الأمر و هم فى غفلة و هم لا يؤمنون

“(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi Qiyamət günü) ilə qorxut!” (“Məryəm” surəsi, ayə 39)

Bu fürsətlər qəflət və inamsızlıq arasında əldən gedir və hər saatımızın, hər dəqiqəmizin, hər hərəkətimizin, hər sözümüzün hesaba alınacağı, haqq-hesaba çəkiləcəyi gün bu qəflət peşmançılığımıza səbəb olacaq. O zaman vaxt da ötmüş olacaq. İş-işdən keçmiş olacaq. O gün biz anlayacaq, dərk edəcəyik...

Mərhum Mirzə Cavad Ağa Mələki “Muraqibat” kitabında “Qədr” gecəsinin saatları ilə bağlı bir cümlə yazır ki, mən onu özüm üçün ayrıca qeyd götürmüşəm. Əlbəttə, bu hər zamana aiddir, lakin o, məhz bu münasibətlə buyurur:

فاعلم يقينا انّك ان غفلت عن مثل هذه الكرامة و ضيّعتها باهمالك

Şübhəsiz, qəflətə düçar olsaq, bu dəyərli fürsətləri zay edib əldən versək, gerisi budur:

و رأيت يوم القيامة ما نال منها المجتهدون

Bir vaxt Qiyamət günü çatanda, insanların əməlləri ortaya qoyulanda, əməllərimizin mələkuti surəti bizə göstəriləndə, baxıb görəcəksiniz ki, imkanınız olduğu halda etmədiyiniz bir əməli, insanlara xeyir verəcəyini bildiyiniz halda, dilə gətirib demədiyiniz sözü, haqqı olanların faydalana biləcəyi, amma atmadığınız bir addımı – bütün bu kiçik işləri kimlərsə edib. Kimlərsə çalışıb, cəhd göstərib və Uca Yaradan həmin gün onlara necə böyük savablar əta edir. Biz isə, həmin gün savabdan məhrumuq. İnsan başqa birinin bu əməli yerinə yetirdiyini, bu xeyir işi gördüyünü, bu addımı atdığını, bu ibadəti yerinə yetirdiyini, hamının möhtac olduğu o gündə necə böyük nailiyyətlər əldə etdiyini görəndə, məhz, onda peşmançılığa düçar olacaq. Deyəcək ki, kaş bu işi mən görəydim, bu addımı mən ataydım, bu sözü mən deyəydim, bu işi etməz, ya bu sözü dilimə gətirməzdim. Ağa Məliki buyurur ki, “peşmançılıq günü”nün peşmançılığı adi peşmançılıqlar kimi deyil. Bu dünyada da insan bəzən ona xeyir gətirə biləcək bir işi görməyəndə, sonradan peşmançılıq çəkir, təəssüflənir. Amma bu hara, o hara? Ağa Məliki buyurur:

الّتى تصغر عندها نار الجحيم و العذاب الأليم

“Bu peşmançılıq o qədər güclü, o qədər kədər gətirəndir ki, onun qarşısında Cəhənnəm odu da kiçikdir.” Belə ki bu peşmançılıq əridilmiş qurğuşun kimi insanın içinə axır. Həmin gün artıq peşmançılığın da faydası yoxdur.

Bu gün siz həyat nemətindən faydalanırsınız, çoxlarınız gənclik nemətindən faydalanır, əlhəmdu lilləh, hamınız, yaxud əksəriyyətiniz yüksək fiziki və intellektual bacarığa maliksiniz, işləyə, bu xoş saatlardan – bu gecələrdən, dualardan, minacatlardan, gecə oyaq qalmalardan, nafilə namazlarından – bəhrələnə bilirsiniz. Bəzən kiçik bir işin elə böyük əcri, savabı olur ki, bu məstliyin içərisində, onu hər tərəfdən əhatə edən bu maddi çərçivələrin arasında insanın buna inanmağı gəlmir. Amma var. Bəli, Ramazan ayı – bu, bir fürsətdir. (Ali Məqamlı Rəhbərin hökumət nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış – 24/07/2012.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru