'Quranda islami təfəkkür tezisi' kitabı - 28-ci məclis  (SON)

'Quranda islami təfəkkür tezisi' kitabı - 28-ci məclis (SON)

28-ci məclis: VİLAYƏT HAQQINDA-3 (HİCRƏT)

Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 
 

İYİRMİ SƏKKİZİNCİ MƏCLİS

VİLAYƏT HAQQINDA-3 (HİCRƏT)

 

 

Çərşənbə günü – 1974-10-16

Ramazan ayının 29-u.

 

بسم الله الرحمن الرحيم

وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا

“Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (geniş yer) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!”

(“Nisa ” surəsi, ayə 100.)

 


 

Hicrət məsələsi vilayət bəhsinə aid bir məsələdir. Biz bəhslərimizdə vilayətin geniş mənada müxtəlif konsepsiyalarına toxunduq və qeyd etdik ki, vilayət mömin qüvvələrin bir-birilə rabitə və bağlılıqlarının sıxlaşması, mömin cəmiyyətin qeyri-mömin cəmiyyətlə hər növ bağlılığının qırılması, növbəti mərhələdə isə mömin qüvvələrin İslam cəmiyyətinin idarəçilik öhdəçiliyini icra edən mərkəzi qüdrətlə, yəni imam, ilahi rəhbər və hakimlə əlaqələrinin möhkəmlənməsi deməkdir. Burada “İslam cəmiyyətinin imam və rəhbəri kimdir?” – sualını Quranın bu ayəsinə istinadən də cavablandırdıq:

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

Sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və möminlərdir. O kəslər ki, namazı bərpa edər və rükuda olduqları halda, zəkat verərlər.

Bu ayənin Əmirəlmöminin Əlinin (ə) haqqında nazil olduğunu da qeyd etdik. Əgər biz vilayəti bu geniş əhatəsi ilə başa düşüb onu bəziləri kimi diqqətsizlikdən cüzi və ikincidərəcəli məsələlərə həsr etməsək, o zaman hicrət məsələsi də vilayət prinsipinin fonunda bəhs olunacaqdır. Bununla nə demək istəyirik? Onu demək istəyirik ki, (vilayət prinsipinə əsasən,) Allahın vilayət dairəsində və ilahi rəhbərin nəzarəti altında yaşamağı qəbul edən, bütün qüvvələri – cismani, ideoloji və psixoloji potensialları – ilə Allah tərəfindən təyin olunmuş rəhbərin iradəsinə xidmət etməyi, var qüvvəsi ilə tağuta deyil, yalnız Allaha bəndə olmağı özünə borc bilən (və bunu bütün varlığı ilə qəbul edən) hər kəs bilməlidir ki, varlığı, qüvvələri və potensialları ilahi rəhbərin itaətindən çıxdığı zaman tağut və şeytanın itaətinə keçir. İlahi öhdəçiliyimizə əsasən, özümüzü tağuta itaətdən xilas və azad etməli və Allahın nemət dolu vilayət kölgəsində durmalıyıq. Zalım hakimin vilayət və itaətindən çıxıb ədalətli hakimin vilayət və itaətinə daxil olmağa “hicrət” deyilir. Gördüyünüz kimi, hicrət məsələsi vilayət prinsipinin fonunda bəhs olunan bir məsələdir. Odur ki, bugünkü bəhsimiz vilayət prinsipinin dördüncü məsələsidir. Keçən məclislərdə üç məsələ haqqında danışdıq, bu gün isə dördüncü məsələ haqqında danışacağıq.

İnsan nə üçün tağut və şeytanın vilayət və itaətindən qaçmalıdır? İrəli sürdüyümüz bu sual, doğrudan da, diqqəti cəlb edir. Mən bu sualı ünvanladıqda, istərdim ki, siz dostlar onu eşitcək, öz zehninizdə analiz edib cavabını İslam təlimlərinə əsasən əldə edəsiniz. Əgər cavabınız mənim qeyd edəcəyim cavabla fərqlənərsə, sizinlə söhbətimiz öz qüvvəsində qalacaq. Sual budur: “Müsəlman olduğumuz halda tağutun vilayət və rəhbərliyini qəbul etmək olmazmı?” Bir müsəlmanın şeytanın hakimiyyətini qəbul etdiyi halda, Allaha da bəndəçilik etməsi mümkün deyilmi? İnsan həyatına qeyri-ilahi bir şəxs hökmranlıq etdiyi, cəmiyyətin yaşayış tərzi, düşüncəsi, hiss və duyğuları qeyri-ilahi bir şəxs – şeytan və tağut tərəfindən idarə edildiyi, o tərəf-bu tərəfə yönləndirildiyi və onun qüdrət dairəsində yaşadığı halda, müsəlman və Allaha bəndə olması mümkün deyilmi? Sizdən xahiş edirəm ki, bu sualı cavablandırasınız; uca səslə cavablandırmağınıza ehtiyac yoxdur, elə zehninizdə cavablandırın, görün mümkündür, ya qeyri-mümkün? Onun mümkün olub-olmamasını anlamaq və cavabı aydınlaşdırmaq üçün sualı bir qədər çək-çevir edib araşdırmalıyıq. Biz soruşuruq: Bir insanın həm şeytanın vilayətində olması, həm də müsəlman kimi qalması mümkündürmü? İki hissədən olan bu sualın mənasını başa düşmək üçün onu düzgün şəkildə təhlil etməliyik.

Birinci hissə şeytanın vilayətində olmaqdır; şeytanın vilayətində olmaq nə deməkdir? Ümumiyyətlə, vilayət nə deməkdir? “Vilayət” sözü üçün Quranın müxtəlif ayələrinə istinadən qeyd etdiyimiz mənaya diqqət yetirdikdə, “şeytanın vilayəti”nin mənası tamamilə aydınlaşır. Şeytanın vilayətinin mənası onun (geniş mənada) insanın bütün varlığı, qüvvələri, istedad və potensiallarına hakim olmasıdır. Bu zaman insanın həyat yolunu, bütün işlərini, düşüncə, məram və məqsədlərini şeytan təyin edir. Eynilə çayın axınında hərəkət edən insan kimi; insan dağdan sürətlə gələn selə yaxalanır, təbii ki, o, selin axını ilə birgə hərəkətdə olmasını və hərəkət zamanı başı və bədəninin dağa-daşa çırpılmasını və su dalğaları arasında boğulub ölməsini istəmir. O, bunu istəməsə də sürətlə axan çay onu qeyri-ixtiyari olaraq özü ilə götürüb aparır. O, əl-qol atır və hər şeydən yapışıb özünü saxlamaq istəyir. Lakin su sürətlə axdığından, onu da ixtiyarsız olaraq götürüb aparır.

Tağut və şeytanın vilayəti də bu qəbildəndir. Odur ki, Quran ayəsində belə buyurulur:

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ

Biz onları (dünyada) Cəhənnəm oduna çağıran rəhbərlər etdik...[1]

Bu dünyada elə rəhbər və hakimlər var ki, onlara müti olan insanları Cəhənnəm oduna və bədbəxtliyə çəkib aparırlar. Qurani-Kərimin başqa bir ayəsində belə buyurulur:

أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُواْ نِعْمَةَ اللّهِ كُفْرًا

Məgər Allahın nemətini küfrə dəyişənləri (və Allahın nemətinə nankor olanları) görmürsənmi?[2]

Onların nankorluq etdikləri nemət nə idi? O nemət hər bir şey olar bilər. Qüdrət (və hakimiyyət) neməti Rəbbin qüdrət təzahürüdür; dünyəvi qüdrətlər, hakimiyyət və minlərlə insanın işlərinin idarəsi, çoxlu istedadlar, potensial və düşüncələr, qüvvə və enerjilərə sahib olmaq – bunların hamısı bütövlükdə nemətdir. Bu sərmayələr insanlıq üçün xeyir və bərəkət mənbəyinə çevrilə bilər.

Uyğun ayədə işarə olunan insanlar böyük insanlara və Allahın həqiqi bəndələrinə çevrilib kamilliyə və ali insanlıq məqamına yüksələ bilərdilər. Onlar isə bu nemətə qarşı nankor oldular, ondan düzgün şəkildə bəhrələnmədilər. Ayənin davamında buyurulur:

وَأَحَلُّواْ قَوْمَهُمْ دَارَ الْبَوَارِ.

“Ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?

Onların özləri cəhənnəm, öz tayfalarını da ölüm və həlakət diyarına çəkib apardılar.

جَهَنَّمَ يَصْلَوْنَهَا وَبِئْسَ الْقَرَارُ

Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır![3]

İmam Kazim (ə) bu ayəni Harun ər-Rəşidə oxudu və ona anlatdı ki, sən həm özünü, həm də öz qövmünü həlakətə, ən pis yerə doğru sürükləyirsən. O Həzrət bu ayəni Haruna açıq-aydın şəkildə izah etdi.

Harun İmamdan (ə) soruşdu: “Məgər biz kafirikmi?” Onun bu sualda məqsədi bu idi ki, məgər biz Allaha, Peyğəmbərə (s) və dinə inanmırıqmı? İmam (ə) onun cavabında bu ayəni tilavət etdi və bildirdi ki, təkcə Allahı açıq-aşkar danan, Quranı yalan və Peyğəmbəri (s) əfsanə hesab edən insana kafir deyilməz. Bu, kafirin bir növüdür, özü də ən yaxşı növüdür, çünki sözünü aşkara deyir, hamı onu tanıyır və onunla öz rəftarı və mövqeyini doğru-düzgün şəkildə tənzimləyir.

Ən pis kafir isə sahib olduğu böyük nemətlərə qarşı nankor olanlar, onlardan düzgün şəkildə bəhrələnməyənlərdir. Belələri özləri ilə bərabər öz tabeçiliyi altında olan insanları da Cəhənnəmə çəkib aparır. Tağutun vilayətinin mənası budur!

Tağutun vilayət və hakimiyyətində yaşayan şəxsin sanki ixtiyarı öz əlində olmur. Onun tamamilə ixtiyarsız olduğunu demirəm, lakin selin hərəkət istiqaməti üzrə o da hərəkət edir, əl-qol atmaq istəsə də bacarmır; Cəhənnəm yolundan qayıtmaq istəsə də, ətrafındakılarının hamısının Cəhənnəmə doğru hərəkət etdiyini və onu da özləri ilə götürüb apardığını görəcək. Cəmiyyətin çox olduğu yerə gedibsinizmi? Bəzən insan bir istiqamət üzrə hərəkət etmək istəyir, amma cəmiyyət onu ixtiyarsız olaraq yüngül bir kağız tək istədiyi yerə götürüb aparır. İnsan yaxşı olmaq, yaxşı yaşamaq, müsəlman kimi yaşamaq və müsəlman kimi ölmək istəyir, amma ictimai cərəyan onu öz ardınca çəkib aparır, həm də elə aparır ki, heç əl-qol belə ata bilmir. Əl-qol atsa da yalnız enerjisini itirmiş olur və başqa bir şey qazanmır. Ən ağrılı yer orasıdır ki, bəzən, bu cərəyanı anlaya bilmir.

Bilmirəm, balıq ovlayanları görübsünüz ya yox? Bəzən minlərlə balıq dənizin ortasından, neçə kilometrlər uzaqdan sahilə atılmış tora doğru hərəkət edir. Tor onları özünə tərəf çəksə də balıqların diqqəti ondan yayınır. Əgər həmin balığa: “Hara gedirsən?” – deyə soruşsan, öz ixtiyarı ilə məqsədə doğru hərəkət etdiyini düşünəcək. Həqiqətdə isə ixtiyarı özündə deyil, onun gedəcəyi yer elə tor sahibi olan ovçunun məqsədinə xidmətdir.

Cahilanə rejimin gözəgörünməz toru insanı özünə və onu idarə edənlərə tərəf elə çəkir ki, insan hara gedəcəyini anlamır, bəzən də Cəhənnəmə doğru irəlilədiyi halda, səadət və xoşbəxtlik mənzilinə doğru hərəkət etdiyini güman edir:

جَهَنَّمَ يَصْلَوْنَهَا وَبِئْسَ الْقَرَارُ

Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır![4]

Bu vilayət tağut və şeytan vilayətidir. Bu, birinci cümlə və qeyd etdiyimiz sualın iki hissəsindən biridir. Sual bu idi ki, tağutun vilayətində yaşadığımız halda, müsəlman kimi də yaşaya bilərikmi? Bu, mümkündürmü? Tağutun vilayətində yaşamağın nə olduğunu qısa şəkildə anladıq, geniş şəkildə anlamaq istəyiriksə, tarixə müraciət etməliyik.

Əməvilər və Abbasilər dövründə İslam dünyasına hakim dirçəliş və canlılığa baxsanız, o günün İslam cəmiyyətində geniş bilik və məlumat dalğasının olduğunu, İslam dünyasında böyük təbiblərin, dünyada dilçilik və ümumi maarifçilik qəhətliyi olduğu bir zamanda güclü tərcüməçilərin meydana çıxıb qədim mədəniyyətlərin möhtəşəm əsərlərini ərəb dilinə tərcümə və müsəlmanlar arasında nəşr etdiklərini görəcəksiniz. O dövrün müsəlmanları bütün sahələrdə – tarix, hədis, təbiət elmləri, tibb və astronomiya, hətta incəsənət sahəsində nümunə olmuşdular. İndi də Qustav Le Bon[5] kimi fransız bir alim, yaxud başqa bir yazıçı və şərqşünas belə nümunələri gördükdə, İslamın ikinci, üçüncü və dördüncü əsrlərini “İslamın çiçəklənmə əsri” adlandırırlar. Adam Metzin[6] qələmə aldığı  “hicri-qəməri dördüncü ildə İslam sivilzasiyası” adlı kitabda bu sivilzasiyanı görüb təəccüblənir və hicri-qəməri dördüncü əsri böyük sivilzasiya əsri kimi təsvir edir. Ümumiyyətlə, bir fransız və alman şərqşünası həmin əsrlərə nəzər saldıqda, gözləri bərəlir. Görəsən, bunun səbəbi nədir? Səbəbi odur ki, bütün fəaliyyətlər və canlanmalar İslam cəmiyyətindən qaynaqlanırdı. Sizdən soruşuram: “Görəsən, bütün bu fəaliyyətlər və canlanmalar İslam cəmiyyətinin və insanlığın xeyrinə tamamlandımı?”

O dövrdən on əsr keçsə də ona qarşı qəsdi-qərəzliyimiz yoxdur. Qeyri-müsəlman dünyası müqabilində deyə bilərik ki, bəli, həmin universitetləri və fəlsəfi məktəbləri təsis edən, tibb və təbiət elmlərində nailiyyətlər qazanan İslam dünyası idi. Amma öz aramızdır, haqq və insafla danışaq, o qədər güc və potensiallar insanlığın və İslam cəmiyyətinin xeyrinə tamamlandımı? İslam cəmiyyəti on əsrdən sonra həmin mirasdan nəyə sahibdir? Nə üçün ona sahib deyil? Nə üçün həmin elmi və mədəni sərvətlər bizə qalmadı? Nə üçün biz on əsr bundan öncə o qədər potensiala sahib bir cəmiyyət olduğumuz halda, bu gün dünyada parlamır və gözə çarpmırıq? Nə üçün? Çünki bütün insani fəaliyyət və qüvvələr tağuta xidmət edirdi. Şair demişkən:

من آن نگین سلیمان به هیچ نستانم

که گاه گاه بر او دست اهرمن باشد

“Mən Həzrət Süleymanın (padşahlıq) qaşını əsla mədh etmirəm, çünki bəzən, o, əhrimənin – tağut və zalımın da əlinə keçir.”[7]

Bu əhrimənlər İslam cəmiyyəti ilə oynadılar. Onlar (İslamdan) danışıb kitablar tərcümə etsələr də hansısa Abbasi xəlifəsinin – Mənsurun, Harunun və yaxud Məmunun xəllifəliyi dönəmində öz adlarının həmin əsərlərdə qeyd olunması özlərinin məşhurlaşması və adlarının tanınması məqsədi daşıyırdı. Təbiət, riyaziyyat, astronomiya, ədəbiyyat, fiqh (hüquq), Quran elmləri və s. sahələrdəki fəaliyyətlərin yerinə, Ələvi hökumətinin qurulmasına, İmam Sadiqin (ə) hakimiyyətə gəlib bütün fəaliyyət və potensialları öz nəzarəti altına almasına icazə versəydilər, elmi və ədəbi sahədə, habelə dünyanın bu gün iftixarla öyündüyü işlərdə yüz il geridə qalmış olsaydılar belə, sözsüz, insanlıq inkişaf edəcək və insanlığın xeyrinə olacaqdı. İslam çiçəklənəcək, potensial və istedadlar doğru-düzgün istiqamətdə sərf olunacaqdı. Amma onlar kitablar tərcümə edib elmi-tibbi sahədə nailiyyətlər qazandıqları halda, fərdi və ictimai əxlaq baxımından o qədər acınacaqlı vəziyyətdə idilər ki, onların arasındakı sosial təbəqələşmə hələ də tarixin əfsanələrindən hesab edilir. Müasir dünyamızın alçaq və çirkin sivilzasiyası da bu qəbildəndir. Dünyanın hegemon qüdrətləri elmi nailiyyətləri, ağılları mat qoyan ixtiraları ilə öyündükləri, “iftixarla və uca zirvələri fəth etdiklərini bildirərək filan dərmanı kəşf etdik, filan formulu yaratdıq, filan elmi işlərə imza atdıq” – deyib özlərini təriflədikləri halda, əxlaq və insanlıq baxımından hələ də minlərlə il öncəki tarixdə yaşayırlar və hələ də əfsanəvi aclar və yoxsullarla bərabər əfsanəvi sərvət sahibləri vardır. Hələ də bir fiaz təşkil edən çox kiçik bir dəstə kübar həyata sahib olduğu halda, məhrum ölkələrdə minlyonlarla insan acından ölür. Amma onlar bununla öyünürlər. Bu da eynilə ikinci, üçüncü və dördüncü əsrlərdəki böyük İslam sivilzasiyasını xatırladır. Bəli, o zaman da belə idi; elmi sahədə böyük nailiyyətlər olsa da insanlıqdan, əsillikdən və yaxşılıqlardan uzaq aristokrat həyat tərzi, hədsiz sosial təbəqələşmə və ölümcül toxluqlar qarşısında ölümcül aclıqlar o gün də gözə çarpırdı. Bu bədbəxtliklərin səbəbi nə idi? Nə üçün o günün İslam cəmiyyəti o qədər elmi nailiyyət və fəaliyyətləri ilə fəzilət və insanlıq bostanında gülə çevrilə bilmədi? Nə üçün?

İndi də biz hicri-qəməri tarixi ilə ikinci və üçüncü əsrlərə nəzər saldıqda, adlarını şərəf və ləyaqətlə xatırlayb dünyanın layiqli insanları sırasında dünya rəhbərlərinə təqdim edə biləcəyimiz insanların həmin sivil rejimə qarşı yorulmadan mübarizə aparan kəslər olduğunu görərik. Müəlla ibn Xüneysi[8] bazarda dar ağacından asıb qətlə yetirirlər. Yəhya ibn Ümmü Təvilin əl-qolunu və dilini kəsirlər. Məhəmməd ibn Əbu Ümeyrə[9] yüz şallaq vururlar. Yəhya ibn Zeydi[10] on səkkiz yaşında ikən Xorasan dağlarında öldürürlər. Zeyd ibn Əlinin cəsədini dörd il dar ağacında saxlayırlar. Onlar bu gün adlarını bəşəriyyət dünyasının şərəf və ləyaqət lövhəsində iftixarla qeyd edə biləcəyimiz insanlardır. Onların fransız alimi Qustav Le Bonun yad etdiyi o şanlı mədəniyyət və sivilzasiya ilə heç bir əlaqəsi yoxdur, əksinə ona qarşı mübarizə aparan şəxslər idi. Cəmiyyətə hakim olan və rəhbərlik edən tağut və şeytan vilayətində də insani qüvvələrdən istifadə olunur, istedadlar çiçəklənir, amma necə? Müasir və sivil dünyamızdakı kimi! 10-11 əsr bundan öncə də İslam dünyasında onlardan istifadə olunurdu, amma düzgün məntiqin, həqiqi dəyərlərin, insani keyfiyyət və meyarların qara qəpik qədər qiyməti yox idi. Budur tağutun vilayəti!

Belə bir mühitdə kimsə tağutun vilayətində müsəlman kimi yaşaya bilərmi? Müsəlman kimi yaşamaq nə deməkdir? Müsəlman kimi yaşamaq bir insanın bütün imkanları, potensial, qüvvə, qüdrət və istedadlarının, hər bir şeyinin, malı və canının, gündəlik iş və fəaliyyətlərinin, yatıb-durmasının, təfəkkür və düşüncəsinin birbaşa Allahın ixtiyarında olması deməkdir. Buna bir misal göstərmək olarmı? Əlbəttə ki, bəli! Həm cəmiyyət və mədəniyyətlə bağlı ictimai, həm də tağut rejimlərdən qaçıb Allaha doğru hicrət edən inqilabçı qruplara aid bir misal göstərə bilərik.

Birinci misal: Peyğəmbəri-Əkrəmin (s) həyatı zamanı Mədinə cəmiyyəti müsəlman və Allaha bəndəçilik edən bir cəmiyyət idi. O cəmiyyətdə bütün addımlar Allah yolunda idi, İslam torpağında yaşayan yəhudi və məsihilər də islami həyat sürürdü. İslam cəmiyyətində həm yəhudilər, həm də məsihilər “zimmə”[11] şəraitinə əsasən, İslam yolunda hərəkət edirdilər. Şəxsi əməllərində yəhudi olsa da cəmiyyətin bir üzvü olaraq müsəlman idi. Hətta cahilanə rejimdə yaşayan bəzi müsəlmanlardan da yaxşı (müsəlman) idi. Peyğəmbəri-Əkrəmin (s) zamanında pul, qılınc, dil və danışıq, təfəkkür və düşüncə, duyğu və emosiyalar – insandan baş verən hər bir iş Allaha xatir və Allah yolunda idi. Əmirəlmöminin Əlinin (ə) zamanında da bu vəziyyət az-çox davam etdi. Çünki o Həzrətin özü də ilahi rəhbər və hakim olaraq Peyğəmbəri-Əkrəmdən (s) fərqlənmirdi, amma varis olduğu cəmiyyət yaxşı deyildi, o cəmiyyətə hərc-mərcliklər hakim idi. Peyğəmbəri-Əkrəmin (s) özü də iyirmi beş ildən sonra Əmirəlmöminin Əlinin (ə) yerində olsaydı, şübhəsiz, o Həzrətin üzləşdiyi problemlərlə üzləşəcəkdi. Bu, cəmiyyətə aid bir misaldır.

Amma qruplara gəldikdə, tarix boyu məsum imamların (ə) ətrafında olan şiə zümrələrini misal çəkə bilərik.

Ramazan ayı bitdi və imamət prinsipini geniş şəkildə bəhs edə bilmədik. Yoxsa, vilayət bəhsindən sonra imamət bəhsinə başlayacaqdıq. Əgər bu bəhsə çata bilsəydim, məsum imamların (ə) zamanında şiələrin vahid bir cəmiyyət olduğu haqda danışacaq və imamın (ə) şiələrlə, şiələrin də yaşadığı cəmiyyətlə əlaqə və ünsiyyətinin necəliyinə aydınlıq gətirəcəkdim. İndi isə bu məsələyə qısa şəkildə toxunacağam. Şiə zahirdə tağut rejimində yaşayırdı, lakin batində ona qarşı idi. Kərbəlada İmam Hüseyn ibn Əli (ə) ilə birlikdə olan kiçik bir dəstəni buna misal göstərə bilərik. Onlar bu seli yarıb onun əks istiqamətinə doğru hərəkət edirdilər. Bəli, tarixdə həm cəmiyyətlə, həm də zümrələrlə bağlı uyğun nümunələr mövcuddur. Adi insanlara gəldikdə isə qeyd etdiyimiz cəmiyyətlə – tağut rejimi ilə razılaşdığı (və onu qəbul etdiyi) halda, bütün varlığı, imkanları, potensiallar, güc və istedadlarının Allaha təslim olması, başqa sözlə, fərd olaraq müsəlman olması qeyri-mümkündür. Əgər bir nəfər tağut mühiti və rejimində yaşayırsa, müsəlmançılığının bir qismi tağuta xidmətdə, həyatının bir guşəsi tağuta bəndəçilikdə keçəcək və onun yüz faiz Allaha bəndə olması qeyri-mümkündür.

“Kafi” kitabında müxtəlif ifadələrlə şərif bir hədis nəql olunmuşdur. Dəyərli “Üsuli-kafi” kitabı şiənin ən mötəbər və ən qədim mənbələrindəndir. Bu hədisi bir neçə fərqli ifadə ilə nəql etmişdir və burada qeyd edəcəyimiz ifadə onlardan biridir. “Kafi” kitabının “Hüccət” bölməsinə[12] müraciət edə bilərsiniz. Diqqəti cəlb edən bir hədisdir. Hədis İmamdan (ə) nəql olunur, İmam (ə) da Allah-Taalanın belə buyurduğunu nəql edir:

لَأُعَذِّبَنَّ كُلَّ رَعِيَّةٍ فِي الْإِسْلَامِ دَانَتْ بِوَلَايَةِ كُلِّ إِمَامٍ جَائِرٍ لَيْسَ مِنَ اللَّهِ وَ إِنْ كَانَتِ الرَّعِيَّةُ فِي أَعْمَالِهَا بَرَّةً تَقِيَّةً وَ لَأَعْفُوَنَّ عَنْ كُلِّ رَعِيَّةٍ فِي الْإِسْلَامِ دَانَتْ بِوَلَايَةِ كُلِّ إِمَامٍ عَادِلٍ مِنَ اللَّهِ وَ إِنْ كَانَتِ الرَّعِيَّةُ فِي أَنْفُسِهَا ظَالِمَةً مُسِيئَةً

“Həqiqətən, İslamda Allah tərəfindən olmayan zülmkar bir rəhbərə itaət etdiyi halda, dindarlıq edən rəiyyətə öz əməllərində xeyirxah və təqvalı olsa da belə əzab verərəm. Şübhəsiz, İslamda Allah tərəfindən olan hər bir ədalətli rəhbərə itaət etdiyi halda, dindarlıq edən rəiyyəti özünə zülm və pislik etsə belə bağışlayaram.”[13]

Bu hədisdə deyilir ki, ilahi rəhbərin vilayət və rəhbərliyi altında yaşayan cəmiyyət şəxsi və xüsusi işlərində nöqsan və günahları olsa da xoşbəxt və nicat əhlidir. Lakin şeytan və tağutun vilayət və hakimiyyəti altında yaşan cəmiyyət şəxsi və xüsusi işlərində yaxşı və xeyirxah olmasına baxmayaraq, bədbəxt və əzab əhlidir. Bu, doğrudan da qəribə bir məsələdir. Əlbəttə, hədisin müxtəlif ifadələrlə nəql olunduğunu diqqətinizə çatdırsam da bütün nəqllər eyni mənanı ifadə edir.

Mən bu hədisi həmişə bu məsələyə bənzətmişəm: Təsəvvür edin ki, avtomobilə minib müəyyən bir məqsədə doğru, məsələn, Nişabura tərəf hərəkət edirsiniz. Avtomobil Niaşbura tərəf hərəkət edərsə, sözsüz ki, məqsədə çatacaqsınız, yox, əgər Nişabura doğru hərəkət əvəzinə, başqa istiqamətə, misal üçün, Sərəxs və yaxud Quçana doğru gedərsə, aydındır ki, siz məqsədə çata bilməyəcəksiniz. Əgər Nişabura və məqsədinizə doğru hərəkət edən avtomobildə sizinlə birgə ədəb-ərkanlı, əxlaqlı, tərbiyəli və mehriban bir insan əyləşərsə, çox gözəl; əgər əxlaqsız və insanlıqdan uzaq olan, sizinlə yaxşı və mülayim rəftar etməyən biri ilə birgə olsanız, yol əsnasında onun yaramaz rəftarı sizin narahatlığınıza səbəb olsa da, sizə pislik etsə də və onun özü bu pisliyinin acı nəticəsini görüb onu dadmağa məcbur olsa da, yenə Nişabura və məqsədinizə çatacaqsınız. Lakin sizi Nişabura aparmaq əvəzinə, başqa istiqamətə doğru aparan avtomobildə bütün sərnişinlər mehriban və gülərüz olub bir-birilə ədəb-ərkanla, nəzakətlə, qayğı və sayğı ilə davransalar və onun Nişabura deyil, başqa istiqamətə – Quçana tərəf hərəkət etdiyini görüb heç bir reaksiya verməsələr, onlar məqsədə çata biləcəklərmi? Aydındır ki, xeyr!

Birinci misalda sürücü mötəbər, yola bələd və Allah tərəfindən (təsdiqlənmiş) bir rəhbər olduğundan, sərnişinləri bədəxlaq olmalarına baxmayaraq, məqsədə çatdıra bildi. İkinci misalda isə sürücü yola bələd olmadığı, nəfsinə uyub yolu itirdiyi və öz istəyini camaatın istəyindən üstün tutduğu üçün şəxsi işinə görə yolunu Sərəxs və Quçana doğru dəyişdi. Onlar avtomobildə bir-birilə nə qədər mehriban və əxlaqlı olub isti münasibət qurmalarına baxmayaraq, məqsədə çatmamaları aydın məsələdir. Beləliklə, tağutun hökmranlığı ilə idarə olunan cəmiyyət də mötəbər olmayan və yolu tanımayan sürücünün idarə etdiyi avtomobilə bənzəyir; aydındır ki, belə idarəçilikdə insanlar məqsədə nail olmayacaq və müsəlman kimi yaşaya bilməyəcəklər.

Bəs nə etməli? Çarə nədir? Bu suala Quran ayəsində belə cavab verilir:

إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْ

Mələklər öz nəfslərinə (öz canlarına, öz gələcəklərinə və hər şeylərinə) zülm edənlərin canlarını alarkən (onlara) deyəcəklər: “Siz nə iş görürdünüz? (Nə üçün müsəlman olduğunuz halda, kafir sıralarında yer almışdınız?)[14] Mələklərin belələrinin vəziyyətinin ağır olmasını görməsi eynilə bir cərrahı xatırladır ki, xəstənin başı üstə gəldikdə, onun vəziyyətinin nə qədər ağır və acınacaqlı olduğunu görüb ondan soruşur: “Sən harada yaşayırsan? Niyə bu günə düşübsən?” Mən bu ayədən belə qənaətə gəlirəm ki, mələklər bu zavallının vəziyyətinin ağırlığından, ruhunun çirkinliyindən, onun intizarında olan bədbəxtlik və əzabdan təəccüblənəcək və ona deyəcəklər: “Axı, sən harada yaşayırdın, ay yazıq! Sən harada idin ki, özünə bu qədər zülm edibsən? Özünə zülm etdiyin halda dünyadan gedirsən?”

قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ

Onlar (mələklərin cavabında) belə deyəcəklər: “Biz yer üzərində zəif salınmışlar idik.” Biz ixtiyarsız cəmiyyətin bir hissəsinə çevrilmişdik.

Cəmiyyətdə o kəslərə “zəif salınmışlar” deyilir ki, cəmiyyətin ixtiyarı onların əlində deyil; onlar cəmiyyətin idarəçiliyində, taleyində, fəaliyyətində, hərəkət və sükunətində heç bir səlahiyyət və ixtiyara sahib deyillər. Ötən məclisdə qeyd etdiyimiz kimi, onların boyunlarına kəndir atıldığı üçün heç bir ixtiyarları yoxdur və istənilən yerə çəkilib aparılacaqlar, özləri isə hara gedəcəkləri və nə edəcəklərini də bilməyəcəklər.

Bağçaya gedən dörd-beş yaşlı uşaqları nəzərdən keçirin. Birinci sinifə gedən 6-7 yaşlı şagirdlərdən söz açmıram. Çünki indiki uşaqlar keçmişlə müqayisədə olduqca gözüaçıqdırlar. Keçmişdə, bizim vaxtımızda uşaqlar elə də gözüaçıq deyildilər, biz uşaqlarla birgə məktəbə necə gedib-qayıtdığımızı, haradan getdiyimizi və haradan qayıtdığımızı əsla bilmirdik. Hər gün müəllimlərdən biri əlində çubuq bizi yoldan keçirir, bizə: “Ordan keçməyin, burdan keçin, ehtiyatlı olun ki, maşın gəlir, gözləyin, keçin!” – deyə yol göstərirdi. Heç kim nə edəcəyini, hara gedəcəyini bilmirdi, bir də evə çatdığını görürdü və yaxud bir də xəbər tuturdu ki, yolu səhv salmış və sinif yoldaşının evinə getmişdir.

Yer üzündə zəif salınmışların vəziyyəti də bu qəbildəndir; onlar da cəmiyyətdə baş verən hadisələrdən, nəyin nə yerdə qaldığı və harada olduğundan xəbərsizdir, hara və hansı istiqamətə gedəcəklərini, kimlər tərəfindən aparılacaqlarını anlamırlar. “Nə etmək olar ki, yola düşdükləri halda, onlarla birgə getməsinlər, qarşıda nələr baş verəcək?” – sualı haqqında əsla düşünmürlər. Elə gözlərini yumub başlarını aşağı salaraq dəyirman daşının ətrafına dolanan at kimi bir ox ətrafında fırlanır, hey addım atır, yol gedir və dövr edir. Əgər bu heyvan bir şey anlasaydı, fırlandığı bu qədər yolla Parisə çatdığını təsəvvür edərdi, halbuki, günbatan çağı gözünü açıb elə sübh çağı harada dayanmışdısa, elə orada da dayandığını görür. Heç hərəkət etdiyi zaman hara getdiyindən xəbəri belə olmayıb. Bunlar cəmiyyətin zəif salınmışları adlanır. Cəmiyyət kütləsinin əksəriyyəti hər şeydən xəbərsizdir. Düzgün sistemlə idarə olunan, insana qiymət verən, insan və insan idarəsini uca tutan – Peyğəmbərin (s) rəhbərlik etdiyi cəmiyyətdən söz getmir. Bununla belə Qurani-Kərimdə o Həzrətə belə buyurulur:

وَشَاوِرْهُمْ فِي الأَمْرِ

“İşdə onlarla məsləhətləş.[15]

O Həzrət peyğəmbər olmasına, camaatla məşvərətə ehtiyacı olmadığına rəğmən, yenə ona əmr olunur ki, camaatla məsləhətləşməli, onları əzizləməli, onlara hörmət etməli və dəyər verməlisən. Belə cəmiyyətdən söz getmir. Belə cəmiyyətdə zəif salınmış olmaz. Lakin bir fərd (və bir ailə) vasitəsilə idarə olunan cəmiyyətdə, zalım və cahilanə rejimlərdə xalqın əksəriyyəti zəif salınmışdır.

قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ

Onlar (mələklərin cavabında) belə deyəcəklər: “Biz yer üzərində zəif salınmış kəslər idik.”

Bizi çəkib çirkaba atdılar, zəlil və xar etdilər, amma anlamadıq. İndi isə ölüm vaxtımız gəlib çatmışdır. Bu, zəif salınmışların üzrü və cavabıdır. Onların cavabının müqabilində, görək, mələklər nə deyəcəklər:

قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا

“(Mələklər də onlara:) “Allahın yeri  geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər.”

Orada zəif salınmışdınız, axı Allahın yeri yalnız həmin yerlə bitmirdi. Siz isə bütün dünyanı zəif salınmışların yaşadığı cəmiyyətlə yekunlaşdırmışdınız. Məgər Allahın yeri dar idi ki, siz o zindanda özünüzü həbs etmişdiniz? Niyə azad bir məntəqəyə köçmədiniz? Elə bir yerə gedərdiniz ki, Allaha ibadət etməyinizə, öz qüvvələrinizi doğru yolda xərcləməyinizə maneçilik törədən olmasın, orada zəif salınmış olmasın. Dünyada belə bir yer yox idimi?

أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا

“Allahın yeri  geniş deyildimi ki, siz də hicrət edəydiniz (başqa bir yerə köçüb gedəydiniz?)”

Burada onlar cavab verə bilmirlər. Axı bu zavallılar nə desinlər? Düz sözə nə deyəsən? Elə buna görə də Qurani-Kərimdə bu zavallıların axır-aqibəti haqqında belə buyurulur:

فَأُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ

“Onların sığınacaqları yer Cəhənnəmdir.”

وَسَاءتْ مَصِيرًا

“O, necə də pis yerdir!”

Bu da onların sonu!

Əlbəttə, bunun bir istisna yeri də var. Hamı hicrət edə bilmir, hamı özünü cahilanə rejimdən xilas edə bilmir. Onlardan bəzilərini aciz insanlar, bəzilərini yaşlılar, bəzilərini uşaqlar, bəzilərini də qadınlar təşkil etdiyindən, bu imkana sahib deyillər. Odur ki, onlar istisnadırlar:

إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلاً

“Yalnız hicrət etməyə (nur diyarına, İslam və bəndəçilik məntəqəsinə doğru) yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar istisnadır.”

فَأُوْلَـئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْ

Ümid var ki, Allah onları əfv etsin.

وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًا

“Allah əfv edəndir, bağışlayandır!”

Növbəti ayədə hicrət edənlərə xitab olunur ki, hicrəti bədbəxtlik amili hesab etməyin. “Necə olacaq? Bacaracağıq və ya bacarmayacağıq? Bir yerə çata biləcəyik və ya çata bilməyəcəyik?” – deyə əsla düşünməyin. Ayədə onlara belə cavab verilir:

وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً

“Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (geniş yer) tapar.”

Onlar (hicrət etdikdən sonra) dünyanı heyrətamiz şəkildə uçuş (pərvaz) meydanı, İslam cəmiyyətini azad və qəlb rahatlığı tək görəcək, çox qəribə və geniş bir mühitlə rastlaşacaqlar. Halbuki, Məkkədə namazlarını güclə qılırdılar. Bir az müqavimət göstərib Məscidül-Həramda iki rükət namaz qılmağı bacarsaydılar, onun şallağına tuş gələrdilər. Bu, müsəlmançılığın son həddi idi, ondan artıq bir iş görmək mümkün deyildi. Lakin azad bir mühitə hicrət edib İslam cəmiyyətinə daxil olduqdan, Allah və Onun Rəsulunun (s) vilayət və hakimiyyəti altında qərar tutduqdan sonra təəccübləndilər, qəribəliklərlə üzləşdilər, oranın yaxşılıqlara doğru müsabiqə meydanı olduğunu gördülər. Orada insanların məqam və dərəcələri yalnız Quran ayəsi, təqva və ibadətlə tanınırdı. Belə bir cəmiyyətdə Allaha görə daha çox çalışan, ibadət edən, zəhmət çəkən, mübarizə aparan, infaq edən daha çox ucalır və izzət tapırdı.

Əgər İslamın ilkin müsəlmanları dünən Məkkədə Allah yolunda xərc çəkdikləri bir dirhəmə görə əzab-əziyyətlərə və işgəncələrə məruz qalırdılarsa, Allah yolunda Allah Rəsulunun (s) şəhərinə – Mədinəyə hicrət etdikdən sonra necə də azad, rahat və könüloxşayan bir yer olduğunu gördülər.

وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً

“Allah yolunda hicrət edən şəxs yer üzündə (ilahi və islami cəmiyyətdə) çoxlu sığınacaq və genişlik (geniş yer) tapar.”

Allaha xatir Məkkədən – küfr diyarından hicrət diyarına doğru hərəkət edib yol əsnasında canını Allaha tapşıran və vəfat edənlər necə? Onlara da deyiləcək ki, sizin savab və mükafatınız Allahın öhdəsinədir; çünki siz də öz missiyanızı, vəzifənizi və lazımi işləri icra etdiniz.

به راه بادیه رفتن به از نشستن باطل

و گر مراد نیابم به قدر وسع بکوشم

“Səhralıqda yol getmək batil oturuşdan yaxşıdır. Hətta öz məqsədimə çatmasam da, ən azından gücüm qədər çalışmışam.”[16]

İslamın istəyi də elə budur. İslam hər kəsdən öz gücü qədər Allah yolunda çalışmasını istəyir.

وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِ

“Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər!”

وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا

“Allah bağışlayandır, rəhm edəndir!”

Bu məqama da diqqət yetirin; çünki bu, bizim son bəhsimiz və tilavətimizdir. Bu bəhsimiz də, təqribən, yarımçıq qalır. Diqqətinizə çatdırmalıyam ki, küfr diyarından – qeyri-ilahi, tağut və şeytani vilayət və hakimiyyətdən iman yudruna, Allahın, Peyğəmbərin (s), imamın və ilahi rəhbərin vilayət və hakimiyyətinə doğru köçmək zəruri bir məsələdir. Buna “hicrət” deyilir. Dünyada belə bir diyar olmadığı zaman nə etmək lazımdır? Küfr diyarında qalmalıyıq, yoxsa hicrət yurdu yaratmaq üçün bir çarə qılmalıyıq? Məgər Peyğəmbərin (s) özü də hicrət edənlərdən biri deyildimi? Peyğəmbər (s) də hicrət etdi, amma hicrətdən öncə, demək olar ki, hicrət yurdu yox idi. O Həzrət hicrət yurdunu öz hicrəti ilə yaratdı.

Bəzən bir qrup insanın öz hicrəti ilə hicrətin başlanğıc nöqtəsini qoyması, ilahi və isalmi bir cəmiyyət təşkil etməsi, hicrət yurdu yaratması zəruridir. Belə olduqda, möminlər də hicrət edərlər. Qeyd etdiklərimiz hicrət bəhsinin xülasəsindən ibarət idi.


 

Xülasə

Çərşənbə günü – Ramazan ayının 29-u

HİCRƏT

Cahilanə rejimdə tağut və şeytanın vilayət və hakimiyyəti mömini müxtəlif vasitələrlə tağutun qüdrətinə bağlayır, onu cahilanə rejimin görünməz torları ilə mühasirə edir, onun azadlığını əlindən alaraq qeyri-ixtiyari şəkildə həmin rejimin intizarında olan aqibətə düçar edir, onun öz qüvvəsini Allah yolunda, dini ayinlərin və islami göstərişlərin icrası uğrunda sərf etməkdən saxlayır.

Bu həqiqət danılmazdır və hicrət məsələsini qarşıya qoyur. Hicrət insanın cahilanə rejimə bağlılıqdan qaçıb qurtarması və özünü azad İslam cəmiyyətinə yetirməsidir; çünki (hicrət və İslam cəmiyyəti) insanın bütün amil və stimullarını Allah bəyənən hədəfə yaxınlaşdırır, cəmiyyətin maddi, ideoloji, ruhi-mənəvi təkamülə doğru təbii seyrini təmin edir, yaxşılıq yollarını genişləndirir, pislik və şərarət yollarını bağlayır.

Elə buna görə də “vilayət” prinsipi möminin cahilanə mühitdən İslam cəmiyyətinə köç etməsi və ilahi vilayətin hökm sürdüyü diyara qədəm qoyması üçün zəruri və təxirəsalınmaz bir vəzifə formalaşdırır. Qurani-Kərimin hicrət ayələrini mülahizə etdikdə, bu haqda müxəlif mətləblər əldə olunur. İndi isə bu ilhamverici ayələri dinləyək:

وَدُّواْ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُواْ فَتَكُونُونَ سَوَاءOnlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər (küfr cərgəsində) olmağınızı istərlər.

فَلاَ تَتَّخِذُواْ مِنْهُمْ أَوْلِيَاء حَتَّىَ يُهَاجِرُواْ فِي سَبِيلِ اللّهِOnlar Allah yolunda hicrət etməyənə (tağutla həmkarlıq etdiyi vaxta) qədər onları (özünüzə) rəhbər tutmayın!

فَإِن تَوَلَّوْاْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدتَّمُوهُمْƏgər onlar üz çevirsələr (öz düşmənçilik və küfrlərindən əl çəkməsələr), onları harada görsəniz, tutub öldürün.

وَلاَ تَتَّخِذُواْ مِنْهُمْ وَلِيًّا وَلاَ نَصِيرًاOnlardan özünüzə rəhbər və köməkçi tutmayın!

“Nisa” surəsi, ayə 89.

إِنَّ الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْİman gətirib (Mədinəyə) hicrət edənlər,

 وَجَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللّهِ Allah yolunda malları və canları ilə cihad edənlər

 وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْvə sığınacaq verib kömək edənlər

 أُوْلَـئِكَ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍməhz, onlar bir-birinin dostu və həmkarıdırlar (cəbhə yoldaşıdırlar).

وَالَّذِينَ آمَنُواْ وَلَمْ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلاَيَتِهِم مِّن شَيْءٍ حَتَّى يُهَاجِرُواْİman gətirib hicrət etməyənlərə gəldikdə isə, nə qədər ki hicrət etməyiblər, sizin onlar qarşısında heç bir öhdəliyiniz və dostluğunuz yoxdur.

وَإِنِ اسْتَنصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلاَّ عَلَى قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌƏgər onlar din yolunda sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir.

وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌAllah nə etdiklərinizi görəndir!

وَالَّذينَ كَفَرُواْ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍKafirlər də bir-birinin dostlarıdırlar.

إِلاَّ تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِي الأَرْضِ وَفَسَادٌ كَبِيرٌƏgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.

وَالَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْ أُولَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّاİman gətirib (Məkkədən Mədinəyə) hicrət edənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər – məhz onlar – həqiqi möminlərdir.

لَّهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌOnlar üçün bağışlanma və böyük ruzi vardır!

“Ənfal” surəsi, ayə 72-74.

إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْMələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən (onlara) deyəcəklər: “Siz nə iş görürdünüz? (Nə üçün müsəlman olduğunuz halda, kafir sıralarında yer almışdınız?)

قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِOnlar deyəcəklər: “Biz yer üzərində zəif salınmışlar idik.”

قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا(Mələklər də onlara:) “Allahın yeri geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər.

فَأُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَاءتْ مَصِيرًاOnların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!

إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلاًYalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar istisnadır.

فَأُوْلَـئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْÜmid var ki, Allah onları əfv etsin.

وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًاAllah əfv edəndir, bağışlayandır!

وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةًAllah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (geniş yer) tapar.

وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِKim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər!

وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًاAllah bağışlayandır, rəhm edəndir!

“Nisa” surəsi, ayə 97-100.



[1]. “Qəsəs” surəsi, ayə 41.

[2]. “İbrahim” surəsi, ayə 28.

[3]. “İbrahim” surəsi, ayə 29.

[4]. “İbrahim” surəsi, ayə 29.

[5]. Fransız sosioloqu Qustav Le Bon (1841-1931) müsəlmanlar və İslam sivilzasiyası haqqında geniş tədqiqatlar aparmışdır. Onun əsərlərində qərəzli nəzər və şərhlər çox az gözə çarpır. “Hind mədəniyyəti”, “Misir mədəniyyəti”, “Ərəb mədəniyyəti” və “Əndəlüsdə ərəb mədəniyyəti” adlı kitablar onun qələmə aldığı kitablardır.

[6]. Adam Metz (1869-1917) alman şərqşünasıdır və İsveçrənin Bazel şəhərində məskunlaşımışdı. Onun kitabı ərəb dilinə tərcümə olunmuş və “Əl-Huzzarətul-islamiyyə fil-Qrunir-rabiil-hicri” adı ilə nəşr olunmuşdur.

[7]. Hafiz.

[8]. Müəlla ibn Xüneys Kufi İmam Sadiqin (ə) xüsusi səhabəsi və ailələrə yardım məsələsində o Həzrətin nümayəndəsi idi. Mədinə şəhərinin hakimi şiələr haqqında məlumat əldə etmək üçün onu həbs edib ölümlə hədələdi. Müəlla onun cavabında belə dedi: “Məni ölümlə təhdid edirsənmi? And olsun Allaha, əgər İmam Sadiqin (ə) şiələri mənim ayağım altında gizlənmiş olsalar belə, ayağımı heç vaxt onların üzərindən çəkmərəm. Əgər məni öldürsən, məni xoşbəxt, özünü isə bədbəxt edərsən.” O, bu yolda şəhadətə nail oldu.

[9]. Məhəmməd ibn Əbu Ümeyr Əzdi üç məsum imamımızın – İmam Kazim (ə), İmam Rza (ə) və İmam Cavadın (ə) xüsusi səhabəsi olub. Onun İmam Sadiqi (ə) görməsi və o Həzrətin səhabəsi olması haqqında fikir ayrılığı vardır. Harun ər-Rəşid İmam Kazimin (ə) şiələrinin adları və yerlərini öyrənmək üçün onu həbs edir və bəzi nəqllərə əsasən, ona yüz şallaq vurur ki, bu haqda bir xəbər ala bilsin. Lakin o, dil açıb dillənmir. O, hakimiyyətlə həmkarlıq etmədiyi üçün həm Harunun, həm də Məmunun hakimiyyəti dövründə dəfələrlə həbs olunur və nəhayət, 217-ci hicri-qəməri ilində əbədiyyətə qovuşur.

[10]. Yəhya ibn Zeyd – Zeyd ibn Əli ibn Hüseynin (ə) oğludur (İmam Zeynəl-Abidinin (ə) nəvəsidir). O, atası Zeydin Əməvi xəlifəsi Hişamın əleyhinə etdiyi qiyamda iştirak etmiş, atası 121-ci hicri-qəməri ilində şəhadətə yetdikdən sonra, Xorasana köçmüşdü. O, özünə dost və tərəfdar yığdıqdan sonra Hərata doğru yola düşüb oranı ələ keçirdi. Lakin növbəti döyüşdə Xorasan ordusuna məğlub oldu və 125-ci ildə şəhadətə yetdi. Onun başını bədənindən ayırdıqdan sonra bədənini dar ağacından asdılar və Əbu Müslimin qiyamına qədər dar ağacında qaldı.

[11]. “Zimmə” “aman” və “əhd” mənasını ifadə edir. Zimmə şəraitini qəbul edən və İslam hökuməti tərəfindən aman verilən kitab əhlinə “zimmə əhli” deyilir.

[12]. “Allaha itaət edən Allah tərəfindən seçilməyən hakimin hakimiyyətini qəbul etməz“ fəsli.

[13]. “Kafi”,“Hüccət” bölməsi – “Allaha itaət edən Allah tərəfindən seçilməyən hakimin hakimiyyətini qəbul etməz” fəsli, hədis 4.

[14]. “Nisa” surəsi, ayə 97-100.

[15]. “Ali-İmran” surəsi, ayə 159.

[16]. Sədi.

 

Google+ WhatsApp ok.ru