İran Əfqanıstandakı gərginliyin dərhal azaldılması və əhatəli bir dialoqa çağırış edib

İran Əfqanıstandakı gərginliyin dərhal azaldılması və əhatəli bir dialoqa çağırış edib

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə sosial media hesabı "Tvitter" vasitəsilə Əfqanıstandakı son hadisələrlə əlaqədar açıqlama verib
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, S.Xətibzadə "Əfqanıstandakı narahatlıq verici hadisələri diqqət və ciddiyyətlə izləyirik", - deyib.
 
Mətbuat katibi Əfqanıstandakı gərginliyin dərhal azaldılmasına, qanunun aliliyinə hörmət edilməsinə və əhatəli bir dialoqa çağırış edib.
 
S. Xətibzadə, həmçinin "ABŞ-ın dağıdıcı siyasəti regionumuzda uzunmüddətli pis nəticələr meydana gətirdi və indi bu ölkənin son dərəcə məsuliyyətsiz hərəkətləri daha çox ziyan verir", - deyə bildirib.
 
Qeyd edək ki, Əfqanıstanda son günlərdə hökumət qüvvələri ilə “Taliban” silahlıları arasında döyüşlərin şiddətləndiyi bir vaxtda bu ölkənin prezidenti Əşrəf Qəninin yaxın günlərdə ABŞ-a gedəcəyi bildirilib.
 
 BMT baş katibinin Əfqanıstan üzrə xüsusi təmsilçisi Debora Lions deyib ki, “Taliban” silahlıları sülh anlaşmasındakı öhdəlikləri yerinə yetirmir: “Xarici qoşunların Əfqanıstandan çıxdığını elan etməsi ölkədə çox böyük sarsıntıya səbəb olub”.
 
ABŞ-ın Mərkəzi Qoşunlar Komandanlığı bildirib ki, 6 hərbi obyekti Əfqanıstan ordusuna təhvil veriblər.
 
Bildirilib ki, son 3 ayda ölkənin 30-dan artıq rayonu “Taliban”ın nəzarətinə keçib. Əfqanıstanın 407 rayonundan 250-də isə hökumət qüvvələri ilə “talib”lər arasında atışma davam edir.
 
Xatırladaq ki, Əfqanıstanda son 3 ayda baş verən zorakılıq hadisələri səbəbiylə 130 mindən çox insan evlərini tərk etməli olub.   Miqrasiyanın çox hissəsi müharibənin şiddətləndiyi Əfqanıstanın şimalındakı vilayətlərdə baş verib.   Bu vilayətlərdə "Taliban" terrorçularının hücumlarının artdığı və bu səbəblə insanların köç etmək məcburiyyətində qaldığı ifadə edilib.  

Google+ WhatsApp ok.ru