İranda daşqınlar nəticəsində ən azı 15 nəfər ölüb

Son bir neçə gün ərzində güclü yağıntılar və daşqınlar nəticəsində ölkənin müxtəlif yerlərində ən azı 15 nəfər həyatını itirib.
 
Maide.az xəbər verir ki, Hormuzqan vilayətinin qubernatoru Casem Caderi cümə axşamı günü təbii fəlakət nəticəsində 13 nəfərin boğulduğunu bildirərək, deyib: Bunlardan 5 nəfəri Kiş sularında balıqçı qayığının batması nəticəsində, bir nəfər Minab rayonunda, bir nəfər Rudan qəsəbəsində, bir nəfər Bəndər Abbasda və daha beş nəfər isə Prayda markalı minik avtomobilinin Rudan çayına aşması nəticəsində həyatlarını itiriblər.
 
Dövlət rəsmisi əlavə edib: Son 48 saat ərzində indiyədək Minab rayonunda 168, Rudanda 141, Hacıabadda 115, Bəstəkdə 78 və Bəndər Abbasda 51 mm hündürlüyündə yağış yağıb.
 
Bu arada, Kirman vilayətinin Mənucan şəhər rəhbərinin açıqlamasına görə, güclü yağışlar və daşqın səbəbindən bir yaşayış evinin dağılması nəticəsində 11 yaşlı bir qız ölüb və daha bir nəfər isə yaralanıb.
 
Əyyub Fəllahi habelə Mənucan rayonunun kənd marşrutları üzrə bir neçə körpünün dağılmasına toxunaraq, həmin kəndlərlə əlaqə yollarının açılmasına çalışdıqlarını qeyd edib. /
 

Google+ WhatsApp ok.ru