İran limanında “Xəzər Dəniz Gəmiçiliyi”nin təcrübəsindən istifadə olunacaq

İran limanında “Xəzər Dəniz Gəmiçiliyi”nin təcrübəsindən istifadə olunacaq

İranın Əmirabad limanının nümayəndə heyəti “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüb.
 
QSC-dən “APA-Economics”ə verilən məlumata görə, iki qonşu və dost ölkə arasında münasibətlərin yüksək səviyyəsindən bəhs edən İranın Azərbaycandakı səfirliyinin müşaviri Əli Abbasi belə görüşlərin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
 
Podratçı şirkətlərin nümayəndələrinin də iştirak etdiyi görüşdə Kamal Abdullahi təmsil etdiyi Əmirabad limanında hazırda aparılan tikinti işləri haqqında məlumat verib. Limanda bərə terminalının da inşa edildiyini deyən qonaq tikinti işlərinin yaxın bir il ərzində başa çatacağını bildirib. Onun sözlərinə  görə, limanda bərə terminalının  fəaliyyətə başlaması gələcəkdə daşınacaq yüklərin həcminin artmasına səbəb olacaq.  Qonaq Əmirabadda bərə terminalının tikintisi və bərə tipli gəmilərin idarə olunmasında azərbaycanlıların zəngin təcrübəsindən faydalanmaq istəklərini xüsusilə qeyd edib.
 
“Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə İran şirkətlərinin əlaqələrinə toxunan R.Vəliyev bu görüşün iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacağına inamını ifadə edib. Bərə terminallarının tikintisində azərbaycanlı mütəxəssislərin zəngin təcrübəsi olduqlarını bildirən sədr Qazaxıstanın Kurık bərə kompleksinin inşasında da QSC-nin əməkdaşlarının   təcrübəsindən yararlandıqlarını diqqətə çatdırıb. Söhbət zamanı, Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən QSC-nin donanmasında hazırda 13 tip bərə, 2 tip Ro-Ro gəmilərinin olduğu qeyd edilib. Yaxın günlərdə  isə yeni nəsil Ro-Pax tipli gəmilərin Bakı Gəmiqayırma Zavodunda metal kəsimi baş tutacaq. Gəmiçiliyin rəhbərinin sözlərinə görə, Əmirabad bərə terminalının işə salınması bir çox digər layihələrin də reallaşmasına imkan yaradacaq.
 
Görüşdə iranlı qonaqların Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında bərələrlə tanışlığı, onların körpüyə yanalma, dəmir-yolu qatarlarının bərəyə daxil olması proseslərini daha yaxından izləməyə dair razılıq əldə olunub. Bundan başqa, danışıqlarda ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.  
 

 

Google+ WhatsApp ok.ru