İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb

İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb

“Bəzi media qurumlarında İranla Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq”.
 
Maide.Az-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, bu cür xəbərlər yayanlar iki ölkə arasında dostluq münasibətlərini korlamağa çalışırlar:  "Bir daha Azərbaycan Respublikasının bəzi media qurumlarında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq. Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərini korlamağa çalışırlar.
 
Bu dəfə İran İslam Respublikasının Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilmişdir.
 
Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməmişdir.
 
İran İslam Respublikası səfirliyinin Mətbuat Xidməti həyata keçmiş görüşün İran və Azərbaycan arasında dostluq münasibətlərinə zidd olmadığını, səfirliyə qarşı yazılmış ittiham və aldadıcı yalanların hüquqi araşdırılması üçün qanuni haqqa malik olduğunu bildirir.
 
Sonda bir daha qeyd edirik ki, İran və Azərbaycan arasında münasibət və əməkdaşlıq iki dost və qardaş ölkə olaraq hər iki ölkənin rəhbərlərinin iradəsi ilə daha da möhkəmlənir və bütün sahələrdə uğurla davam edir. Bu baxımdan, üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməzlər.
 
İran İslam Respublikası səfirliyinin Mətbuat Xidməti bir daha kütləvi informasiya vasitələrinin iki ölkə arasında mövcud olan münasibətləri qorumaq üçün diqqətli olması və bu sahədə öz fəaliyyətlərinin artırmasına təkid edir, həmçinin onların bu sahədə müsbət rol oynaması və iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün əməkdaşlığa dəvət edir. Şübhəsiz, bu da iki dövlət və millətin xeyrinə olacaqdır". /

 

Google+ WhatsApp ok.ru