İranın vitse-prezidenti Şəhindoxt Mollaverdi Bibiheybət məscidini ziyarət edib

Bakıda səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, İranın Qadın və Ailə Məsələləri üzrə naziri xanım Şəhindoxt Mollaverdi Bibiheybət məscidini ziyarət edib.
 
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev qonağa Bibiheybət məscidinin tarixi barədə ətraflı məlumat verib və bildirib ki, yeddinci imam İmam Museyi Kazımın (ə) qızı Xanım Həkimənin (ə) məzarı burada yerləşdiyindən, məscidə müsəlman ölkələrindən çoxlu sayda ziyarətçilər gəlir.
 
Kommunist rejiminin dini abidələrə hücumu zamanı sözügedən məscidin söküldüyünə diqqət çəkən axund R.Babayev Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Bibiheybət məscidinin bərpasına başlandığını, ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində isə ərazidə möhtəşəm məscid-kompleksin inşa edildiyini vurğulayıb.
 
İran İslam Respublikasının vitse-prezidenti Şəhindoxt Mollaverdi Xanım Həkimənin (ə) məzarını ziyarət edib, məscid-komplekslə yaxından tanış olub, burada yaradılan muzeyin eksponatlarına baxıb. Qonağa Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə adından hədiyə təqdim olunub.
 
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sədaqət Qəhrəmanova da iştirak edib.  

Google+ WhatsApp ok.ru