İranın vitse-prezidenti `Inotex 2015` sərgisi çərçivəsində Azərbaycan pavilyonu ilə tanış olub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparatı rəhbərinin başçılığı ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 10-dək şirkət nümayəndələrinin daxil olduğu heyət 9-12 iyun tarixlərində İranın paytaxtı Tehranda keçirilən "Inotex 2015" beynəlxalq yüksək texnologiyalar sərgisində iştirak edir.
 
Nazirlikdən verilən məlumata görə, sərgi kompleksində Azərbaycan pavilyonu üçün ayrılan sahədə nümayəndə heyəti üzvləri öz məhsul və xidmətləri ilə sərgi iştirakçılarını tanış edəcək, sərgidə iştirak edən İran və digər ölkə şirkətləri ilə əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.
 
Azərbaycan pavilyonunda "Baktelekom"  şirkətlərinin məhsulları, “Azərkosmos” ASC-nin göstərdiyi xidmətlər, “Yüksək Texnologiyalar Parkı” MMC-nin və  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, habelə Teleradio İB-nin həyata keçirdiyi layihələr, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyət daşıyan TASİM layihəsi haqqında məlumat və təqdimatlar keçiriləcək.
 
İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər Azərbaycan pavilyonuna baş çəkib. Nümayəndə heyətimizin rəhbəri Vidadi Zeynalov vitse-prezidentə Azərbaycan İKT sektorunda həyata keçirilən işlər və sərgidə təqdim olunan xidmət və məhsullar barədə ətraflı məlumat verib. Məsud Soltanifərə  hədiyyə edilən Azərbaycanın yerli istehsalı “Azpad” planşeti də maraqla qarşılanıb.
 
Nümayəndə heyəti həmçinin səfər çərçivəsində İranın elm və texnologiyalar üzrə vitse-prezidentin rəhbərliyi altında fəaliyyət göstərən "Pardis" Yüksək Texnologiyalar Parkını ziyarət edib. Bu ziyarət zamanı parkın fəaliyyəti ilə tanış olub, park rəhbərliyi ilə ikitərəfli görüş və müzakirələr aparılıb. Eyni zamanda, iki ölkənin müvafiq təsisatları arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib.
 
Sərgidə dünyanın 100-dən çox müxtəlif dövlətindən yüksək texnologiyalar sahəsində son nailiyyətlər əldə etmiş təsisatlar iştirak edir.
 
Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İrandakı səfirliyində görüş keçirib, iki ölkə arasında mövcud münasibətlər və hər iki ölkədə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak haqqında fikir mübadiləsi aparılıb.

Google+ WhatsApp ok.ru