İran seçki qərargahının rəhbəri: “Fəxr edirik ki, dünyada ən demokratik seçkiləri təşkil edirik”

İranın bütün bölgələri Xobreqan Ekspertlər Şurası və İslami Şura Məclisi (parlament) seçkilərinin keçirilməsinə hazırdır.
 
Bunu APA-nın İran bürosuna açıqlamasında İranın seçkilərin keçirilməsi üzrə qərargahının sədri Məhəmmədhüseyn Muqimi deyib.
 
M. Muqimi bildirib ki, dağlıq ərazilər və relyefi çətin olan ərazilərdə seçkilərin təşkili üçün helikopter və digər lazımi təchizatdan istifadə olunacaq: “Seçkilər sabah - cümə günü yerli vaxtla saat 8-də başlayacaq və 18-dək davam edəcək. Səsvermə başa çatdıqdan dərhal sonra səslərin hesablanmasına başlanacaq”.
 
M. Muqimi qeyd edib ki, paytaxtda səslərin hesablanması mümkün qədər tez aparılacaq: “Əlbəttə, namizədlərin çox olması və iki seçkinin eyni gündə olması işi bir az çətinləşdirir. Fəxr edirik ki, dünyada ən demokratik seçkiləri təşkil edirik. İranın 80 milyonluq əhalisinin 67,5 faizi - 54 milyon 915 min 24 nəfər səsvermə hüququna malikdir. Parlament seçkilərində 4844 namizəd rəqabət aparacaq”./

Google+ WhatsApp ok.ru