İran və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb - YENİLƏNİB

İran və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb - YENİLƏNİB

(Təfərrüat əlavə olunub)

 
16:45
 
Bu gün Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, iclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və s. sazişlər imzalanıb.
 
İranın iqtisadiyyat naziri, komissiyanın həmsədri Fərhad Dejpəsənd iclası müsbət dəyərləndirib, Azərbaycanı Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə təbrik edib: "İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və ölkə rəhbərliyi – Ali Lider, prezident və digər məsul şəxslər həmişə işğal olunmuş ərazilərin azad olması və  işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasını müdafiə ediblər".
 
İranın özəl sektorunun və digər şirkətlərin azad olunmuş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirən F. Dejpəsənd onu da qeyd edib ki, bu gün əldə olunan razılaşmalar Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından sonra əldə olunub və bu, iki ölkənin əlaqələrinin inkişafında sıçrayış yaradacaq. Öz növbəsində, Azərbaycan Baş nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev bildirib ki, İran və Azərbaycan arasında əməkdaşlıq predmetləri çeşidli və çoxdur: "Koronavirus pandemiyası şəraitinə baxmayaraq, sağlamlıq protokollarına uyğun olaraq, nümayəndə heyətimiz bu iclasda iştirak edib. Bu, iclasın önəmini göstərir. İki ölkə arasında əlaqələr çox inkişaf edib və ümid edirəm, iclas nəticəsində əldə olunacaq razılıqlar iki ölkə arasında əlaqələrin inkişafına səbəb olacaq".
 
Ş. Mustafayev həmçinin bildirib ki, Azərbaycan tərəfi işğala son qoyanda Ermənistanın genişmiqyaslı vəhşiliyinin şahidi oldu: "Ermənilər dini və mədəni abidələri dağıdıb, 67 məscidi məhv edib və məscidlərdə mal-qara və donuz saxlayıb. Azərbaycan öz ərazisini işğaldan azad etdi və onları abad edəcək. Eyni zamanda işğal dövründə vurulan ziyanı erməni tərəfindən almaq üçün beynəlxalq qurumlara müraciət edəcəyik".  
 
Ş. Mustafayev Azərbaycanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi sahəsində İranla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib və qeyd edib ki, öncəki səfərində ölkənin müdafiə naziri Əmir Hatəmi ilə bu sahədə danışıqları olub və o, minaların təmizlənməsi sahəsində yardım etməyə hazır olduğunu bildirib: "Biz həmçinin elə bir şərait yaradacağıq ki, İran şirkətləri işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında iştirak etsin".
 
***
 
10:52
 İran- Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası bazar ertəsi Tehranda öz işinə başlayır.
 
Maide.Az IRNA-a istinadla xəbər verir ki,  İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi deyib: “Sabah Bakıdan böyük iqtisadi nümayəndə heyətinin Tehrana səfər etməsi ilə nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, müalicə, sosial, mədəni, turizm, kənd təsərrüfatı, bankçılıq, sığorta və digər sahələrdə İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclası keçiriləcək."
 
Musəvi, Tehranda keçiriləcək iki günlük iclası həmçinin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından vacib adlandırıb. 
 
İclas ərəfəsində, İran səfiri Azərbaycanın bir sıra iqtisadi rəsmiləri ilə, o cümlədən Sahibkarlar Konfederasiyasının prezidenti və “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri ilə görüşüb və iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirib.
 
Qeyd edək ki, İran və Azərbaycan arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası 19 mart 2019-cu ildə Bakıda keçirilib.

Google+ WhatsApp ok.ru