İran XİN: ABŞ Senatının qərarı Hərtərəfli Birgə Fəaliyyət Planına və Amerikanın üzərinə götürdüyü öhdəliklərə zidddir

İran XİN: ABŞ Senatının qərarı Hərtərəfli Birgə Fəaliyyət Planına və Amerikanın üzərinə götürdüyü öhdəliklərə zidddir

“Necə ki, dəfələrlə ölkənin ali rütbəli rəsmiləri elan edib. ABŞ Senatı və ABŞ Nümayəndələr Palatasında İrana qarşı sanksiyaların müddətinin uzadılması qərarı Hərtərəfli Birgə Fəaliyyət Planına, Amerikanın beynəlxalq hüquqda digər ölkələrin beynəlxalq və daxili məsələlərinə müdaxilə etməyəcəyinə dair üzərinə götürdüyü öhdəliklərə zidddir”. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün ABŞ Senatında İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına münasibət bildirərkən deyib.
 
Maide.Az xəbər verir ki, B.Qasimi deyib ki, beynəlxalq əlaqələrin əsas prinsiplərinə görə, Amerika hökuməti beynəlxalq öhdəliklərini yerinə yetirməyə borcludur.  “Amerikanın daxilində siyasi dəyişikliklər və iki qurumun arasındakı çəkişmələr bu ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmasına və həmin öhdəliklərin icrasında səhlənkarlıq etməsi üçün dəlil ola bilməz. ABŞ prezidenti Hərtərəfli Birgə Fəaliyyət Planında qəbul edib ki, bütün səlahiyyətlərindən istifadə edərək Hərtərəfli Birgə Fəaliyyət Planına zidd bütün qərarların, o cümlədən ABŞ Senatının son qərarının icrasının qarşısını alacaq”. 
 
B.Qasimi deyib ki, İran İslam Respublikası beynəlxalq razılıqlara əməl etdiyini sübut edib. “Lakin ehtimal olunan hər bir şərait üçün lazımi tədbirləri nəzərdə saxlayıb. Hər bir şəraitdə İran xalqının hüquqlarını tədbirli, güclü və daha təsiredici vasitələrlə qorumağa lazımi hazırlığı var”. 
 
O deyib ki, İranın Xarici İşlər Nazirliyi ABŞ hökumətinin bu hərəkətini diqqətlə izləyəcək və lazımi ölçü və qərarın qəbul edilməsi üçün Hərtərəfli Birgə Fəaliyyət Planın icrasına Nəzarət Şurasına hesabat təqdim edəcək. 
 
Qeyd edək ki, ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.   
 
Xatırladaq kii, ABŞ Nümayəndələr Palatası noyabrın 16-da İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib.
 
Qanun layihəsi imzalanması üçün ABŞ prezidenti postunu yanvarın 20-də təhvil verəcək Barak Obamaya təqdim ediləcək.

Google+ WhatsApp ok.ru