İran XİN-in sözçüsü: “Azərbaycanla ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıyıq”

“Biz dost və qonşu ölkələr, müsəlman ölkələri, xüsusən Azərbaycan Respublikası ilə ikitərəfli əməkdaşlığı daha çox inkişaf etdirməkdə maraqlıyıq”.
 
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən deyib. “Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında üçtərəfli formatda görüşlərin bərpası nəzərdə tutulurmu?” sualına cavab verən H. C. Ənsari bildirib ki, sanksiyaların götürüldüyü bir dövrdə İranın xarici siyasətində əsas məsələ qonşu və müsəlman ölkələri ilə əməkdaşlığın gücləndirilməsidir: “Bu xüsusda Azərbaycan Respublikası ilkdir. Müxtəlif ölkələrlə iqtisadi əməkdaşlıqlarımızın həcmi və əməkdaşlıq perspektivi onların ağır günlərdə İranla əməkdaşlıqlarına uyğun şəkildə həyata keçiriləcək. Azərbaycan Respublikası da ağır günlərdə İrana dəstək olub. Ümid edirik ki, Xəzəryanı ölkələr arasında münasibətlərin inkişafı nəticəsində Xəzərin hüquqi statusu məsələsi də öz həllini tapacaq”.

Google+ WhatsApp ok.ru