İran XİN-in sözçüsü: “Azərbaycan Respublikası ilə mövcud iqtisadi əlaqələr bizi qane etmir”

İran XİN-in sözçüsü: “Azərbaycan Respublikası ilə mövcud iqtisadi əlaqələr bizi qane etmir”

“Ötən illər ərzində Amerikanın regionda iştirakı müsbət və uğurlu olmayıb”.
 
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ-ın Ermənistan ordusunun təlim mərkəzinin yaradılmasına dəstəyi ilə bağlı APA-nın sualına cavabında deyib.
 
B. Qasimi bildirib ki, ABŞ-ın səhvləri hər zaman problemlərin yaranmasına səbəb olur: “Həmin səhvlərin bəzisinin təsirini biz on illərlə müşahidə edirik. Amerikanın regionda yürütdüyü siyasət effektli deyil və həmişə əks nəticə verib. Amerikanın hərbi iştirakı hər hansı adla və ya bəhanə ilə olsa belə, müsbət təsir göstərməyəcək. Biz Amerikaya məsləhət görürük ki, hər hansı bir sahəyə müdaxilə etməzdən öncə məsələlərə real baxsın, icazə versin ki, ölkələr öz problemlərini özləri həll etsinlər. Əlbəttə, biz şimal qonşularımızın işinə müdaxilə etmirik, ona görə ki, onlar müstəqildir. Bizim Ermənistan və Azərbaycana məsləhətimiz budur ki, onlar öz problemlərini özləri həll etsinlər”.
 
İran XİN-in sözçüsü Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfərinə və iki ölkə prezidentlərinin görüşünə də toxunub: “Bizim müstəqil və qonşu Azərbaycan Respublikası ilə yaxşı münasibətlərimiz var. Bu görüş hər iki prezidentin üçüncü görüşü idi. Prezidentlərin beynəlxalq toplantılar çərçivəsində də görüşləri olub. İki ölkənin əlaqələri inkişaf etməkdədir. Biz  Azərbaycanla mehriban qonşuluq münasibətlərimizin olmasını istəyirik və  regionda, xüsusilə Qafqaz kimi həssas bölgədə sülh və sabitliyin tərəfdarıyıq”.
 
B. Qasimi qeyd edib ki, Azərbaycan və İran arasında mövcud olan iqtisadi əlaqələr Tehranı qane etmir: “Biz bu əlaqələrin daha da inkişafını istəyirik.  İran vətəndaşları üçün viza rejiminin ləğvi barədə müzakirə aparırıq. Qarışıq bir məsələ olduğu üçün hələlik bu barədə söz demək tezdir. Ümid edirik ki, hər iki ölkənin rəhbərlərinin dəstəyi ilə məsələ əlverişli yolla öz həllini tapacaq”.
 
İran XİN-in sözçüsü Azərbaycanın İsrail dövləti ilə əlaqələrinə də münasibət bildirib: “Azərbaycanın digər ölkələrlə əlaqələri rəsmi Bakının özünə aid olan bir məsələdir”. /

Google+ WhatsApp ok.ru