İran XİN: Rusiyanın Həmədandakı hava bazasından istifadəsi gündəmdə deyil

İran XİN: Rusiyanın Həmədandakı hava bazasından istifadəsi gündəmdə deyil

“Rusiyanın İranın Həmədan şəhərindəki Noje hərbi hava bazasından istifadə etməsi məsələsi gündəmdə deyil”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, İran-Rusiya əməkdaşlığı dərin və əsaslıdır: “Bizim regionda müəyyən olunmuş mənafelərimiz var, birgə əməkdaşlıq etmişik və əməkdaşlığımızı davam etdirəcəyik. Amma Noje hava bazasından istifadə etmək məsələsi  şəraitdən asılıdır və mən hazırda bu məsələnin gündəmdə olduğunu düşünmürəm”. 
 
ABŞ Konqresinin İrana qarşı sanksiyaların müddətini 10 il uzatması məsələsinə toxunan B. Qasimi ABŞ-ın yeni hökumətinin hansı addımları atacağı haqda qabaqcadan proqnoz vermək istəmədiyini söyləyib: “Lakin Obamanın nə edəcəyi ilə bağlı deyə bilərəm ki, o, üzərinə götürdüyü öhdəliyə əsasən bu layihəni veto etməlidir. ABŞ Konqresində baş verən hadisə öncədən əldə edilmiş razılıqların əksi və ziddinədir. Nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı iki tərəf arasında deyil, 5+1 ölkələri ilə əldə olunmuş bir razılıqdır. Dünya ictimaiyyəti bu planı alqışlayıb və bu da plana beynəlxalq dəstəyin olduğunu göstərir. Amerika təklikdə müxalif istiqamətdə hərəkət edə bilməz və ümid edirəm ki, öz istiqamətini dəyişəcək”. 
 
B. Qasimi yeni sanksiyalar tətbiq olunarsa, İranın mümkün reaksiyası barədə sualın cavabında qeyd edib ki, bu barədə digər tərəflər, o cümlədən Çinlə müzakirə aparılıb: “İran öz öhdəliyini yerinə yetirir və başqaları da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər başqaları öz öhdəliyini yerinə yetirməzsə, biz də imzalanmış plandan kənar bəzi vasitələrdən istifadə edəcəyik. Parlamentdə təsdiq olunmuş layihə müzakirəyə çıxarılacaq və əgər təsdiqlənərsə, icraçı qurumlara göndəriləcək”.
 

Google+ WhatsApp ok.ru