İran yayılan xəbərləri təkzib etdi: Heç bir razılıq əldə olunmayıb

İranın Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm Associated Press Agentliyinin xəbərini təkzib edib və deyib ki, hələlik nüvə müzakirələrində hansısa mövzu ilə bağlı hər hansı bir razılıq əldə olunmayıb. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər verir.

M.Əfxəm deyib ki, medianın bu cür səs-küyü bəzi siyasi məqsədlərlə yaradılır: “Bu kimi səs-küylər müzakirələrin gedişatına ziyan vurmaq və məsələlərin həllini daha da çətinləşdirmək məqsədi ilə yaradılır”.

Qeyd edək ki, Associated Press xəbər agentliyi ötən axşam iki diplomatik mənbəyə istinadən məlumat yayıb ki, İran və "5+1" ölkələri ilk dəfə olaraq sənəd hazırlayıb və həmin sənəddə “hərtərəfli razılaşmanın” detalları göstərilib.

Agentlik bu sənədin dekabr ayında aparılan müzakirələr zamanı əldə olunduğunu yazıb. Qeyd edilir ki, sənəddə ilk dəfə olaraq tərəflər həm hərtərəfli razılaşmanın sərhədlərini müəyyənləşdirmək, həm də ixtilaflı məsələlərlə bağlı fikir ayrılıqlarını yazılı formada yazmaq haqda razılaşıblar.

Xatırladaq ki, İran və dünyanın altı lider dövləti 2013-cü il noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar. 2014-cü il yanvar ayının ikinci yarısından isə həmin planın icrasına başlanılıb.Hazırda hərtərəfli razılıq üçün İran və altılıq ölkələri arasında danışıqlar davam etdirilir.

Qeyd edək ki, "altılığ"a ("P5+1" qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Eşton danışıqlarda "3+3" qrupunun əlaqələndiricisidir./

Google+ WhatsApp ok.ru