İraq: səhrada tapılan əlil, kor uşaq

Maide.az-ın məlumatına görə, BBC müxbiri Paul Wood şimali Suriya və şimali İraqda münaqişəyə görə həyatları məhv edilən mülki şəxslərlə görüşüb.
 
"Qaçqın düşərgələri bütün regiona yayılıb: Suriyaya, Türkiyəyə, indi olduğum İraqa. Və bu düşərgə kimi bir çox yerlərdə də daimilik ab-havası yaranmağa başlayıb", o deyir.
 
"Bu adamların – Suriya kürdlərinin İraqa qaçmasından iki il yarım keçir. Cihadçılar o vaxt indiki kimi güclü deyildilər. Amma onlar güclənmək üçün Suriyanın vətəndaş müharibəsinin yaratdığı xaosdan istifadə etdilər", Wood izah edir.
 
"Hazırda isə onlar İraqdakı döyüşlərdən istifadə edərək özlərinin İslam xəlifəliyini, özlərinin dövlətini yaratmaq istəyirlər. Onlar istəyirlər ki, bu xəlifəlik İraq-Suriya sərhədini faktiki olaraq ləğv etsin".
 
Onun gördüyü qurbanlardan biri də azyaşlı oğlandır. Anadangəlmə iflic olan uşağın gözləri qızmar Günəşə uzun müddət baxmaqdan kor olub. Onu səhrada tapıblar. İraq köçkünlərinin inandığı versiyaya görə, anası İŞİD silahlılarından qaçarkən, qorxusundan onu əlindən salıb və uşaq səhrada tənha qalıb.
 
İraqda İslam Dövlətinin (İŞİD) əsgərlərilə kürd döyüşçüləri arasında döyüşlər davam edir. ABŞ da havadan hücumları ilə mübarizəyə qoşulub.
 
Eyni zamanda yezidilərə kömək etmək məqsədilə beynəlxalq humanitar yardım üçün səylər davam edir. İslam Dövləti onları evlərindən sürgün edib.

Google+ WhatsApp ok.ru