İraqda bombalı hücumlar: 9 ölü, 34 yaralı

İraqın paytaxtı Bağdad ilə Diyala vilayətində təşkil olunan bombalı hücumlarda 1-i uşaq olmaqla 9 adamın öldüyü, 34 nəfərin yaralandığı bildirildi.
 
Maide.az xəbər verir ki, polis mənbələrindən alınan məlumata görə, Bağdadın cənubunda yerləşən Əl-Mədain qəzasının Əl-Vardiyyə bölgəsindəki bir çay evinin yaxınlığında, yol kənarına yerləşdirilən partlayıcının partladılması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
 
Bağdadın qərbində Qəzaliyə səmtində də bir əyləncə mərkəzinin qarşısında bomba partlayışı nəticəsində 1 uşağın həyatını itirdiyi, 4-ü qadın olmaqla 10 nəfərin yaralandığı bildirildi.
 
Diyala vilayətinin mərkəzi rayonu Baqubanın şimalında yerləşən Əl-Miqdadiyyə qəzasındakı partlayışda isə 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı deyilib. Baqubada bir maşını hədəf alan digər hücumda isə maşının sürücüsünün öldüyü, 4 nəfərin yaralandığı qeyd edilib.
 
Devr Əz-Ziraa səmtində də bomba yüklü bir maşının hərbi patrul maşınının keçdiyi zaman partlaması nəticəsində 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.

Google+ WhatsApp ok.ru