İraq səfirliyi azərbaycanlı zəvvarları sevindirdi (YENİLƏNİB)

15.12 - İraq Daxili İşlər Nazirliyinin bugünkü açıqlamasında, ancaq məhdud sayda ölkələrdən Ərbəin günü gələcək zəvvarlara viza veriləcəyi bildirilirdi. Viza ala biləcək ölkələr sırasına Azərbaycanın adının daxil edilməməsi Kərbəlaya yola düşən və düşməyə hazırlaşan vətəndaşlarımız arasında narahatlıq yaratmışdı. Məsələ ilə əlaqədar Maide.az-a açıqlama verən İraqın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əhməd Cassim bildirdi ki, narahatlığa əsas yoxdur: "Bu açıqlama Daxili İşlər Nazirliyinin göstərişi ilə bağlıdır. Əgər viza ilə bağlı hər hansı bir məhdudiyyət olarsa, bu barədə İraq Xarici İşlər Nazirliyindən bizə təlimat gəlməlidir və biz belə bir təlimat almamışıq. Azərbaycan vətəndaşları əvvəlki qaydada olduğu kimi yenə də viza ala bilərlər. Biz dünən 200 nəfərə viza vermişik. Əgər hər hansı bir qadağa olarsa, bu barədə Azərbaycan ictimaiyyətinə məlumat açıqlanacaq." 
***
İraq Daxili İşlər Nazirliyi yayımladığı bir elanla Kərbəla və Nəcəf başda olmaqla ölkə daxilində İmam Hüseynə (ə) tutulan matəm mərasimlərini ərbəin sona çatana qədər xarici ölkələrdən gələcək ziyarətçilərə qadağan edib.
 
Maide.az xəbər verir ki, elanda İran, Livan və Körfəz Ərəb ölkələrindən başqa digər ölkə vətəndaşları - Amerika, Avropa və Şərq Asiyadan gələnlər Ərbəin mərasimləri bitənə qədər bu ölkəyə giriş edə bilməyəcək.
 
İraq dövləti bildirir ki, bu cür tədbirlərlə xarici ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır. 
 
Qeyd edək ki, təhlükəsizlik tədbirlərinə səbəb İŞİD başda olmaqla təkfirçi terror qrupları müqəddəs məkanları ziyarət edəcək zəvvarları təhdid etmişdi.

Google+ WhatsApp ok.ru