RATİ hüquqşünası polisə ətraflı izahat verəcək

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sabiq direktor müavini, hüquqşünas Günay İsmayılova həyatına edilmiş qəsdlə bağlı polisə müraciət edib.
"Bugün gedib ətraflı izahat verəcəyəm. Dünən 102-Qaynar Xəttinə zəng etdim, polislər hadisə yerinə baxış keçirdi", xanım İsmayılova BBC Azərbaycancaya deyib.
Yanvarın 26-da axşam 8-9 radələrində Günay İsmayılovaya yaşadığı evin blokunda "hücum olub". Onun sözlərinə görə, təxminən 28-30 yaşlarında kişi onu arxadan "boğmaq istəyib".
"Boğazımdan yapışdı. Elə bil ağzımı tutmağa çalışırdı. Əlində nə isə var idi. Qışqıraraq ayaqlarımla qonşunun qapısını döyəclədim. Qonşular çıxan kimi o qaçdı. Həmin şəxs bir kəlmə danışmadı. Orta boylu idi"
"O adamın məqsədi soyğunçuluq deyildi, çünki çantama dəymədi. Bəlkə də qorxutmaq idi", hüquqşünas əlavə edir.
İsmayılovanın sözlərinə görə, onun kimsəylə şəxsi ədavəti və ya münasibəti "yoxdur".
Avqustun 8-də RATİ-nin ofisində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları axtarış aparıb və ofis möhürlənib.
Axtarış aparılan gündən təşkilatın rəhbəri Emin Hüseynovun harada olması barədə məlumat yoxdur.

Google+ WhatsApp ok.ru