Rayonlarda «gündüz çıraqla» vəkil axtarırlar

«Oğlumun istintaqı, məhkəməsi yarımildən çox çəkdi. Vəkil tuta bilmədim. İstintaqı MTN aparırdı. Ona görə, vəkillər yaxına gəlmədilər. Birini tapdım, 800 manat tələb etdi. Gücüm çatmadı. Rayonda 1-2 vəkil var, onlar ümumiyyətlə, yaxına gəlmədilər. Özləri vəkil təyin etdilər. O da məhkəmədə nə dedilər, dinmədi. Vəkil olmadığına görə, oğluma 12 il iş verdilər. Halbuki, 3-4 illə qurtarmaq olardı».
 
Sahib Həsənov dərindən köksünü ötürüb danışmağı davam edir:
 
«VƏKİL AXTARIRAM, YAXŞI VƏKİL»
 
«Oğlumun istintaqını aparan müstəntiqin özü indi istintaq altındadır. İki uşaq atasını atdılar həbsə, heç nə üstündə. Dedilər ki, İrana işləyirsən. Vəkil olmadı, qaldıq belə. İndi də vəkil axtarıram, yaxşı vəkil. Hələ ki, tapa bilmirəm».
 
Cənub bölgəsində Sahib Həsənov kimi vəkil axtarışına çıxanlar az deyil. 200 mindən çox əhalisi olan Lənkəranda cəmi 6 vəkilin fəaliyyət göstərdiyi bildirilir. Bölgənin başqa rayonlarında da vəkillərin az olduğu deyilir.
 
Bölgədə fəaliyyət göstərən bir neçə vəkillə əlaqə saxladıq. Onlar bu mövzuda açıq danışmaq istəmədilər. Adının çəkilməsini istəməyən bir vəkil dedi ki, məhkəmələrdə onları sıxışdırırlar.
 
Astara şəhər sakini Elçin İbrahimli də deyir ki, bölgədə peşəkar vəkillər yoxdur. Onun deməsinə görə, vəkillər siyasi sifarişli işlərə çıxmaq istəmirlər:
 
«HAKİMLƏR VƏKİLLƏRİN HÜQUQLARINI POZURLAR...»
 
«Yadigar Sadıqovun məhkəməsində yerli vəkillər iştirak etmirdilər. Ən pis odur ki, hakimlər vəkillərin hüquqlarını açıq şəkildə pozurlar, hörmətdən salırlar. Məhkəmədə vəkil vəsatət qaldırdı, hakim onların heç birisini qəbul etmədi. Halbuki, vəsatətlər əsaslı idi. Yerli vəkillər arasında elələri var ki, vasitəçilik etməklə işini bitmiş hesab edir. Vəkilə inanmırlar. Ona görə də, nümayəndə təyin edirlər. Biabırçı vəziyyət var».
 
 
«Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov isə deyir ki, ötən illərə nisbətən rayonlarda indi vəkillərin sayı artıb:
 
«Ən azı hər rayonda 5-6 vəkil var. Başqa bir problem var. Vəkillər hakimlə vətəndaş arasında iş görürlər. Məhkəmələr daha çox nümayəndələrin iştirakı ilə keçirilir. Onlar vəkillik funksiyasını öz üzərilərinə götürürlər». 
 
​«ÖZÜMÜZDƏ DƏ GÜNAH ÇOXDUR»
 
Baş redaktorun düşüncəsinə görə, vəkil azdırsa, vətəndaş məhkəmədə özünü müdafiə etməyi bacarmalıdır:
 
«İddia ərizəsi yazmağa nə var ki. Özümüzdə də günah çoxdur. Ən adi şeylərə görə vəkil axtarırıq. Vəkillərin sayının ötən illərə nisbətən artmasının bir səbəbi də rayonlarda məmur özbaşınalığının hökm sürməsidir. Görürsən ki, birinin torpağı alınır, birinin dükanı sökülür. İddia ərizəsinə görə 50-100 manat pul verir. Günlərlə gedib-gəlir. Heç yerdə iş olmasa da, məhkəmələrdə həmişə iş var. Bu, həm yaxşıdır, həm də pisdir. Bu onu göstərir ki, cəmiyyətdə problem çoxdur. Peşəkar, qanunu əsas tutan vəkilə həmişə ehtiyac var».
 
Lənkəranda fəaliyyət göstərən «Hüquqi Yardım» İctimai Birliyin rəhbəri İlqar Qasımov da deyir ki, çox adam məhkəməyə vəkil əvəzinə nümayəndə göndərir. Onun deməsinə görə, vəkillərdə müstəqillik, peşəkarlıq çatmır. (azdliq.org)

Google+ WhatsApp ok.ru