Rayonlarda müşahidə edilən yağış və dolu ən çox fermerlərə ziyan vurub - ekspert

Rayonlarda müşahidə edilən yağış və dolu ən çox fermerlərə ziyan vurub - ekspert

"Bazarlarda son günlər bəzi məhsulların qiymətinin artdığının şahidi oluruq. Bunun səbəbi ay ərzində rayonlarda müşahidə edilən qeyri-sabit hava şəraitidir".
 
Maide.Az bildirir ki, bunu SalamNews-a açıqlamasında kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli deyib.
 
V.Məhərrəmlinin sözlərinə görə, respublikanın əksər rayonlarında yağıntıların miqdarı artıb. Tərtər, Gədəbəy, Göygöl, Daşkəsən, əksər dağlıq və dağətəyi rayonlarda baş vermiş bu təbii hadisələr nəticəsində kənd təsərrüfatı məhsullarının yararsız hala düşdüyünü müşahidə edirik.
 
Ekspert bildirib ki, burada ən çoz ziyan fermerlərə dəyir: “Kəndlilər böyük ziyanlara məruz qaldılar. İntensiv yağışlar və dolu düşməsi nəticəsində onların məhsulları, demək olar ki, zay oldu. Tovuzda vəziyyət daha acınacaqlıdır, zərər daha çoxdur. Halbuki, fermerlər kifayət qədər maliyyə xərcləyib, investisiya qoyublar. Gözləntiləri var idi ki, müəyyən gəlir əldə edəcəklər. Məhsulun belə zay olması onların ailə büdcəsinə təsir edəcək. Bu, həm də gələcəkdə onların təsərrüfat işləri ilə məşğul olmasına meyli azalda bilər”.
 
Vahid Məhərrəmlinin sözlərinə görə, kənd təsərrüfatı sahəsinin sığortalanması riskli olduğundan sığorta şirkətləri buna meyl etmir. Bu da kəndlini çətin vəziyyətdə qoyur. Bəzi rayonlarda yağış və dolunun məhsulu vurması bazarlara da təsirsiz ötüşmür:
 
“Biz bazarlarda son günlər bəzi məhsulların qiymətinin artdığının şahidi oluruq. Faraş kartof, lobya və bu kimi tərəvəz məhsullarının qiymətində nəzərəçarpacaq artım var. Hətta istixana məhsullarının qiymətində belə artım var, çünki bir yanda zərər olduqda bu, digər sahələrin də qiymətinə təsir edir. Həmçinin məhsulun keyfiyyətinin aşağı düşdüyünün də şahidi oluruq. Belə hallar var və ümumlikdə bu, gələcəkdə də müşahidə ediləcək”.

Google+ WhatsApp ok.ru