Regionlardan qaçaq düşən sərmayə yatırımı

Regionlardan qaçaq düşən sərmayə yatırımı

-- Azərbaycanlı sərmayəçilər sərmayələri başqa ölkələrin regionlarının inkişafına yatırırlar

"Exo" qəzetində Azərbaycan regionları investorlar üçün maraqlı deyil?" sərlövhəl məqalə diqqət cəlb edir.
 
Müəllif ölkə regionlarına sərmayə yatırımını iqtisadçı-ekspert Natiq Cəfərli ilə araşdırır.
 
Ekspert deyir ki, bu sahədə vəziyyət heç xoşagələn deyil: "Azərbaycanlı sərmayəçilər sərmayələri başqa ölkələrin regionlarının inkişafına yatırırlar, vətəndə cəlbedici şəraitin olmaması ölkə rayonlarını yerli və xarici kapital yatırımçıları üçün maraqsız edib". N.Cəfərli sərmayə yatırımı sahəsində ölkədəki durumu qəzetə belə şərh edir.
 
Ekspert diqqəti Bakıda investisiya yatırımlarına yönəldərək burada xarici sərmayəçilərin ancaq enerji sektorunda payları olduğunu deyir və səbəbini belə izah edir: "Burada oyun qaydaları tamamilə fərqlidir, belə ki, bütün neft-qaz sazişlərini parlament təsdiq edir, yerli idarəetmə orqanlarının bura müdaxilə etmək hüququ yoxdur. Qeyri-neft sektoruna gəlincə, burada vəziyyət tamamilə başqadır. Məhz buna görə xarici sərmayəçilərin əsas payları enerji sektoruna yönəldilir. Yerli sərmayəçilər isə yatırımı daha çox dövlət layihələrinə qoyurlar. Sərmayəçilər bizim regionlara maraqlı deyillər, onlar, sadəcə, cəlbedici deyil".
 
N.Cəfərli deyir ki, sərmayəçilər daim şəffaf yanaşmaya ehtiyac duyur, yerli orqanlar isə özlərini heç biri qanunu tanımayan külli-ixtiyar sahibi kimi aparırlar, odur ki, sabah sərmayələrini itirə biləcəkləri qorxusuna görə sərmaəyçilər regionlara sərmayə yatıra bilmirlər: "Yerli orqanların sərmayəçilərə və yerli iş adamlarına təzyiqlərini sübut edən onlarla fakt var və bütün bunlar regionların sərmayə yatırımına mənfi təsir göstərir".
 
Ekspert hesab edir ki, regionların cəlbediciliyini yüksəldən tədbirlər artırıldıqdan, yerli orqanlar qanunun aliliyini tanıdıqdan, ölkədə ədalətli məhkəmə sistemi yarandıqdan sonra bu sahədə vəziyyət dəyişə bilər.
 
N.Cəfərli hesab edir ki, yerli, eləcə də xarici sərmayə yatırımçıları əmin olmalıdırlar ki, öz kapitallarını itirməyəcəklər, həm də hələ regionların özlərində kifayət qədər problemlər var.
 
Ekspert bu problemlər sırasında ölkədə alıcılıq qabiliyyəti aşağı olduğu üçün sərmayəçilərin daha çox paytaxt Bakıya yatırım etdiklərini deyir və xarici sərmayəçilərin regionlara cəlb edilməsi üçün dövlətin regionların inkişafına dair xüsusi proqram hazırlamasını vacib sayır.
 
Müəlif isə xatırladır ki, 2017-ci ilin yanvar-oktyabr aylarında Bakıya 11,301,8 mlrd.manat yatırım edilib ki, bu, ötən ilin eyni dövrülə müqayisədə 2,9% az, həm də bütün ölkəyə yatırılan sərmayənin 90,2%-i deməkdir.(contact.az)
 

 

Google+ WhatsApp ok.ru