Repetitor, yoxsa məktəb dilemması?

Repetitor, yoxsa məktəb dilemması?

-- Azərbaycanda təhsil: çox oxuduqca az bilmək

"Exo" qəzetində "Azərbaycanda təhsil: çox oxuduqca az bilmək" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkə təhsil sisteminin problemlərini gündəmə daşıyır.
 
Məqalə müəllifi hesab edir ki, indiki təhsil sistemi sovet təhsil sistemi bazasında yaradılıb və Qərb təhsil sistemindən bəzi elementlər əlavə olunub ki, bu uğursuz hibridlik ölkənin təhsil sisteminin əsas problemidir:
 
Müəllifə görə, indiki təhsil sistemi aşağı keyfiyyətlidir: "Əksər hallarda uşaqların məktəblərdə aldıqları təhsil nəinki qəbul imtahanları vermələrinə, heç gündəlik dərs tapşırıqlarını yerinə yetirməyə bəs etmir. Buna görə də keçən əsrin 90-cı illərin əvvəllərindən ölkədə özəl repetitorluq inkişaf etməyə başladı".
 
Müəllif deyir ki, indi bu sahə elə inkişaf edib ki, şagirdin dərsdən əlavə repetitor yanına getməsi adi hala dönüb, şagird elə ona həmin fəndən dərs deyən müəllimdən fərdi qaydada dərs almağa gedir və ailə büdcəsinin böyük hissəsi bu məsələyə xərclənir.
 
Məqalə müəllifi deyir ki, artıq valideynlər uşaqları repetitorlar yanına yuxarı siniflərdən yox, elə birinci sinifdən aparmağa başlayırlar.
 
Müəllif isə bu mərhələdə daha böyük bir sualın yarandığını bildirir: "Bu halda belə sual yaranır ki, əgər müasir müəllim ordusu şagirdə hərfləri yazmağı da öyrədə bilmirsə, o zaman məktəb nəyə lazımdır? Dövlət nə üçün büdcədən bu sahəyə maliyyə ayırır?".
 
Müəllif hesab edir ki, ölkə təhsil sistemi əsaslı islahatlara ehtiyac duyur, indiki təhsil sistemini keyfiyyətli saymaq olmaz.
 
Müəllif bu sahədə nümunə kimi Finlandiya təhsil sisteminə əsaslanmağı təklif edir və deyir ki, fin təhsil modeli dünyada yaxşılardan biridir, "az oxumaq, çox bilmək" devizinə əsaslanır, bizdə isə bunun tam əksidir.
 
Məqalə müəllifi deyir ki, fin təhsil sistemində uşaqlar məktəblərə güclü hazırlıqla gəlirlər və məkətbəqədər hazırlıq dövründə bütün ailələr lazım olan ləvazimatlarla pulsuz təmin olunurlar.
 
Müəllifin sözlərinə görə, bu sistemin daha bir üstünlüyü şagirdlərə və eləcə də tələbələrə bərabər şərait yaratmaq, hamının eyni səviyyəli təhsil almasına nail olmaqdır.
 
Müəllif deyir ki, şagird dərsin qavranılması baxımından yoldaşlarından geri qalırsa dövlət işə qarışır, vəsait ayrılır, o digər şagirdlərlə eyni dərəcəyə yetənə qədər çalışdırılır.
 
Məqalə müəllifi deyir ki, nə qədər utopik görünsə də, kardinal dəyişikliklər olduğu halda Azərbaycan Təhsil Nazirliyi də gec və ya yez mövcud sistemi yenidən "yazmalı" olacaq.(contact.az)
 

Google+ WhatsApp ok.ru