Rezidenturaya yeni qəbul qaydaları təsdiqlənib

Rezidenturaya yeni qəbul qaydaları təsdiqlənib

Rezidenturanı bitirən həkimlər 3 il müddətində Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində əmək fəaliyyəti ilə məşğul olacaqlar
Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nı təsdiq edib.
 
Bu Qaydalar həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə baza ali tibb təhsilli şəxslərin rezidenturaya qəbulu qaydalarını müəyyən edir.
 
Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər (namizədlər) malikdirlər. Rezidentura təhsili dövlət sifarişi (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli  əsaslarla həyata keçirilir. Rezidenturaya qəbul namizədlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Rezidenturada təhsil alan rezidentlər rezidenturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə iştirak ödənişlidir. Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirmiş və ya cari tədris ilində bitirən bütün namizədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər namizədlər müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Başqa sözlə, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini, baza ali tibb təhsili haqqında sənədi və ona əlavəni, xarici ölkələrdə ali təhsil almış şəxslər Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri, xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları olan həkimlərə Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni SQK-yə şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ərizələrin qəbulu zamanı dövlət sifarişi əsasında rezidentura təhsili almaq istəyən namizədlər rezidenturanı bitirdikdən sonra Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində 3 il müddətində əmək fəaliyyəti ilə məşğul olacaqları barədə məlumatlandırılırlar. Bu namizədlər elektron ərizəni təsdiq etdikləri andan qeyd edilmiş öhdəliyə razılıq vermiş hesab olunurlar.
 
Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Bura baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı daxildir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq, imtahan aparılan baza və ixtisas fənləri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar. Namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini  10 gün müddətində qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
 
Yeni Qaydaların təsdiqlənməsi ilə əlaqədar  “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın  təsdiq edilməsi haqqında” ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 15 may tarixli 4 nömrəli qərarı ləğv edilib. (apa) /

Google+ WhatsApp ok.ru