Rüfət Baxışbəyli sərbəst buraxılıb (YENİLƏNİB)

Rüfət Baxışbəyli sərbəst buraxılıb (YENİLƏNİB)

Müsavat Partiyasının Məclis üzvü və "Basta" saytının əməkdaşı Rüfət Baxışbəyli iyunun 17-də günorta saatlarında sərbəst buraxılıb. O, bütün gecəni Yasamal rayon polis idarəsinin növbətçi hissəsində keçirib.
 
Rüfət Baxışbəyli polisə aparılmasının yazıları ilə bağlı olduğunu təsdiqləyib. O, işgəncəyə məruz qalmadığını bildirib.-0-
 
***
Müsavat Partiyasının Məclis üzvü və “Basta” saytının əməkdaşı Rüfət Baxışbəyli saxlanılıb.
 
Bu haqda “Basta”ya onun ailə üzvləri məlumat verib.
 
Bildirilir ki, bu gün 5 nəfər polis əməkdaşı Abşeron rayonunun Hökməli kəndində Rüfət Baxışbəylinin kirayədə yaşadığı evə gəliblər. Rüfət Baxışbəyli polisə aparılıb. Mülki geyimdə olan daha iki polis məmuru isə həmin evdə axtarış aparıblar. Rüfət Baxışbəylinin telefonu və paltarları götürülüb.
 
Axtarışa gələnlər 90 OU 065 dövlət nömrə nişanlı Niva markalı avtomobildə olublar və özlərini Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim ediblər.
 
Saxlanmanın səbəbi bilinmir. Polis şöbəsindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.
 
Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, Rüfət Baxışbəylinin yazılarına görə saxlandığı ehtimal edilir.
 
 Abşeron rayon polis şöbəsindən bildiriblər ki, Rüfət Baxışbəyli (Baxışov) onlar tərəfindən saxlanılmayıb: “Bizdə belə bir adam yoxdur, olmayıb”.
 
Yasmal rayon Polis İdarəsinin növbətçi hissəsindən də “Basta”ya bildirilib ki, Rüfət Baxışbəyli bu rayonun polis idarəsinə gətirilməyib.
 
Rüfət Baxışbəyli saxlandıqdan və onun telefonu götürüldükdən az müddət sonra onun feysbuk səhifəsi dondurulub. Bu amil, onun məhz yazılarına görə saxlandığını təsdiq edir.(Bastainfo.com)
 

Google+ WhatsApp ok.ru