Risk etməmək `kreditsizliyi`

-- Son bir il ərzində bank sektorunda kreditləşmə 30%-ə yaxın azalıb

"Yeni Müsavat" qəzetində "Banklar hələ də kredit vermir" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif bankların kredit verməyə meylli olmamasının, kredit verməkdən çəkinmələrinin səbəbini ekspert Natiq Cəfərli ilə müzakirə edir.
 
Müəllif deyir ki, problemli kreditlərin həllini tapmaması bank sektorunda kreditləşmənin kəskin azalmasına səbəb olub. Son bir il ərzində bank sektorunda kreditləşmə 30%-ə yaxın azalıb, ölkə banklarının xalis kredit portfeli martın 1-nə 9677,3 milyon manat olub.
 
N.Cəfərli deyir ki, əslində banklar kreditləri valyuta ilə verməkdə maraqlıdırlar, belə olduqda isə vətəndaşların da, iş adamlarının da seçim imkanları daralır: "Çünki manatla əsasən istehlak kreditləri verilir, çox yüksək faizlə və qısa müddətə. Biznesin isə uzunmüddətli kreditlərə ehtiyacı var, ancaq bu məsələdə problem var. Banklar manatla uzunmüddətli kreditlərə getmək istəmirlər. Özlərini sığortalayırlar ki, valyuta ilə kredit təklifi daha çox olsun. Manatın sabitləşməsinin də burada ciddi rolu olub".
 
Manatın məzənnəsinin təxminən bir ilə yaxındır ki, sabit qaldığını deyən N.Cəfərli bunu dollar-manat məzənnəsinin inzibati qaydada tənzimlənməsi ilə əlaqələndirir: "Burada heç bir bazar qaydaları işləmir, nə də üzən məzənnə rejimi yoxdur, bu, sırf inzibati tənzimləmədir".
 
Ekspretin fikrincə, həm manatın sabitləşməsi, həm də bankların vəsaitlərini sığortalamaq istəyi valyuta kreditlərinin daha çox olmasının əsas səbəblərindən biridir".
 
N.Cəfərli hesab edir ki, bankların hazırda kredit verməməsinin ən əsas səbəbi isə əvvəl verilmiş kreditlərin toplanmamasıdır.
 
Ekspertə görə, banklar, bundan irəli gələrək, kredit şərtlərini kifayət qədər sərtləşdiriblər, riskdən sığortalanma elementini artırıblar: "Bu da həmin kreditlərə tələbatı azaldıb. İqtisadi aktivlik ölkədə o qədər yüksək deyil ki, kreditlərə tələb yaransın. Banklar da gəlir əldə etmək üçün iki yoldan istifadə edirlər. Bunun birincisi valyuta alqı-satqısıdır, banklar böyük bir valyutadəyişmə məntəqəsinə çevriliblər. İkincisi isə Mərkəzi Bankın REPO hərraclarında iştirak etmələridir.
 
N.Cəfərli deyir ki, REPO hərraclarda sabit gəlirlilik var, qısamüddətli qiymətli kağızlar satılır, illik faiz dərəcəsi 13-14 faiz civarında olu ki, bu da kifayət qədər normal gəlirdir.
 
Ekspert vurğulayır ki, buna görə, banklar kredit verməyə və vəsaitlərini riskə atmağa ehtiyac duymurlar.
 
N.Cəfərli deyir ki, bankların vəsaitlərini kreditləşməyə deyil, qiymətli kağızlar bazarına yönəltməsi iqtisadi aktivliyə mənfi təsir edir və hazırda isə banklar iqtisadi aktivlikdə, demək olar ki, iştirak etmirlər.
 

Google+ WhatsApp ok.ru