Robert Sekuta: “Bu, dondurulmuş münaqişə deyil”

“ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin də qeyd etdiyi kimi, biz təmas xəttində gərginliyin artması hallarından narahatıq”, - ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı Expo Mərkəzində açılan 9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisində jurnalistlərin sualının cavavında bildirib. 
 
Səfir hazırda həmsədrlərin gərginliyin azaldılması istiqamətində iş apardıqlarını deyib.
 
“Biz vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələlərini müzakirə edirik. Biz bu münaqişəni dondurulmuş münaqişə kimi görmürük. İnsanlar ölürsə, bu, dondurulmuş münaqişə deyil”, - o qeyd edib.
 
R.Sekuta münaqişənin sülh yolu ilə həlli üçün həmsədrlərin tərəflərlə işlədiyini diqqətə çatdırıb: “Tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır”. 
 
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri gözlənilir.
 
“Bu, Azərbaycan və Ermənistan üçün acınacaqlı vəziyyətdir. Mənə məlumdur ki, cənab həmsədr Nyu-York görüşü zamanı bu məsələ ilə bağlı müzakirələr aparıb. Yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir”, - səfir bildirib.

Google+ WhatsApp ok.ru