RSXM Xəzər dənizində baş verən zəlzələnin Azərbaycanın şimal rayonlarında hiss olunması məsələsinə münasibət bildirib

Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu gecə Xəzər dənizində Dərbənd-Mahaçqala istiqamətində qeydə alınan 4,6 bal gücündə zəlzələnin Azərbaycanın şimal rayonlarında hiss olunması məsələsinə münasibət bildirib.
 
RSXM-in baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib ki, baş verən zəlzələ şimal rayonlarında bəzi insanlar tərəfindən hiss edilə bilər. Onun sözlərinə görə, RSXM-in saytına ancaq maqnitudası 3-dən yuxarı olan zəlzələlər barədə məlumat yerləşdirilir. Q.Yetirmişli qeyd edib ki, bu, sadəcə, fon səviyyəli zəif təkanlar gedən proseslərin nəticəsidir: “Həmin ərazilərdə fon səviyyəli zəlzələlər baş verir. İlin əvvəlində həmin zonada güclü təkan olmuşdu. Mahaçqala-Türkmənbaşı istiqamətində aktiv dərinlik qırılması var. Dərinlik qırılması Mahaçqala-Türkmənbaşı istiqamətindən Xəzərin, hətta Abşeronun şərq hissəsindən şimali-şərq, cənub-şərqə doğru keçir. Nəticədə “Günəşli”, “Azəri-çıraq” yataqları ətrafında tez-tez zəlzələlər olur. Bu proseslər həmin qırılmalarla bağlıdır və hər zaman orada geodinamik proseslər gedir. Hərəkətlər nəticəsində bu cür fon səviyyəli, hiss olunan, hiss olunmayan  zəlzələlər baş verir”.
 
RSXM-in baş direktoru zəlzələ ilə bağlı insanları təlaşa salmağın düzgün olmadığını deyib: “Bu məsələdə xalqı maarifləndirmək lazımdır. Xalqın düşüncəsini, psixikasını yavaş-yavaş bu proseslərə alışdıraraq müasir dünyada köhnə vərdişlərdən əl çəkməliyik. Köhnə sovet dövründən qalma yanaşmadır ki, hardasa zəlzələ hiss olunub. Xarici ölkələrdə zəlzələnin hiss olunması barədə məlumat verilmir. Yalnız zəlzələnin gücü yüksək olduqda, dağıntı baş verəndə bu barədə məlumat yayılır. Yavaş-yavaş gərək bizdə bunu öyrənək”.
 
Qeyd edək ki, avqustun 1-i saat 01:29-da Xəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Dərbənd şəhərindən 66 km şimal-şərqdə, Mahaçqaladan 120 km çənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib.

Google+ WhatsApp ok.ru