Ruhani: İran xalqı öz fövqəltəbii gücünün bir hissəsini bütün dünyaya göstərdi

İran xalqı ötən aylar ərzində öz fövqəltəbii gücünün bir hissəsini dünyaya göstərdi. Trend-in məlumatına görə, Bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün Tehran əyalətinin İslamşəhr şəhərində çıxışı zamanı deyib. 
 
“Bu xalq dünyanın bütün gücləri qarşısında dayandı və İslam İnqilabını etdi, öz istiqlal, azadlıq və şərəfini qorudu. Heç bir gücün qarşısında qorxmadı və İslam Respublikasının bayrağını uca tutdu”.
 
H.Ruhani deyib ki, ötən illər ərzində regionda işğalçı İsrail 3 dəfə silkələnib. “Bu silkənənmə bir dəfə 1979 –cu ildə İslam İnqilabı qələbə çaldığı gün olub. Həmin gün Sionist rejim dağılacağını hiss etdi. İkinci dəfə belə bir silkənmə İran-İraq müharibəsində işğal olmuş Xorrəmşəhr şəhərinin azad olduğu gündə olub. Və bu gün işğalçı İsrailin silkələndiyi üçüncü gündür. İran və dünyanın böyük gücləri arasında Vyana sazişi kimi tanınan saziş imzalandığı gündən sonra görürsüz ki, bu, qorxusundan səhərdən axşama kimi bağıran yenə də işğalçı sionist rejimdir”.
 
H.Ruhani deyib ki, əldə olunan razılıqdan sonra regionda və dünyada bütün xalqlar sevinir. Sevinməyən isə Sionist rejim və ABŞ-dakı müharibə tərəfdarlarıdır. “Bu saziş İran xalqının üçüncü qələbəsidir və biz öz diplomatlarımız, hüquqşünaslarımızla fəxr edirik”.
 
H.Ruhani bildirib ki, bu gün İslam düşmənlərinin İran xalqının dünya ictimaiyyəti ilə əlaqələr qurması üçün bağladığı yolun açıldığı gündür: “Bu gün yenidən başlama günüdür. Hamı bizim üzümüzə açlımış bu qapıdan istifadə etməlidir və ölkənin iqtisadi inkişafı və istehsalın artırılması üçün ondan istifadə etməliyik”.
 
İran prezidenti ölkə diplomatları və alimlərinə öz minnətdarlığını bildirib: “Dünyanın böyük gücləri qarşısında öz dəlil və məntiqləri ilə bizim üçün baş ucalığı gətirən diplomatlarımıza təşəkkür edirik. Onların səyi nəticəsindədir ki, İranın nüvə texnologiyası əldə etmək hüququnu tanımayan BMT bu gün İranın nüvə texnologiyasını zənginləşdirmə hüququnun olduğunu elan edir. BMT-nin 2231-ci qətnaməsi İran xalqının nüvə texnologiyasını əldə etmək hüququnu açıq-aydın rəsmən tanıyır”.
 
H.Ruhani hamını əl-ələ verərək İranın inkişafı və ölkədə istehsalın həcminin artırılması üçün çalışmağa çağırıb: “Bizim Vyana sazişini əldə etməkdə məqsədimiz ölkədə istehsal üçün əlverişli şərat yaradılmq, ölkdə işsizliyi aradan qaldırmaq, ali təhsilli gənclər üçün əlverişli iş şəraiti yaratmaqdır”.
 
H.Ruhani ölkəsində gənclər arasında qız və oğlanlar arasında ayrı-seçkiliyin edilməsinin tərəfdarı olmadığını da bildirib. “Bəziləri deyir ki, təkcə işsiz oğlanlar üçün iş yerləri açılsın, çünki qızların işə ehtiyacı yoxdur. Amma mən deyirəm ki, bu, düzgün mövqe deyil. Bu ölkənin övladları İranın övladlarıdır. Kişi, qadın, oğlan və ya qızın arasında ayrı-seçkilik olmamalıdır. Siz düşünürsüz ki, mühəndis qızlarımız elm baxımından oğlan mühəndislərdən aşağıdırlar? Bu, belə deyil, onlar hamısı birdirlər və bir universitetdə və bir müəllimdən dərs alıblar". /

Google+ WhatsApp ok.ru