Ruhani Buşəhr AES-ə baxış keçirdi

Bu gün səhər İranın Buşəhr əyalətinə səfər edən Prezident Həsən Ruhani Buşəhr atom elektrik stansiyasına (AES) baxış keçirib.

Trend-in İranın "Tasnimnews" xəbər saytına istinadən verdiyi məlumata görə, H.Ruhani Buşəhr AES-in müxtəlif bölmələrinə baş çəkib, AES-in vəzifəli şəxslərinin stansiyanın işi ilə bağlı məruzəsini dinləyib.

Qeyd edək ki, tikintisi 1974-cü ildən fasilələrlə həyata keçirilən İranın Buşəhr atom elektrik stansiyası 2011-ci il sentyabrın 12-də işə salınıb. Buşəhr AES-in tikintisinə Almaniyanın "Kraftwerk Union A.G." (Siemens/KWU) konserni başlayıb. Almaniya 1979-cu ildə - İran İslam İnqilabı baş verdikdən sonra layihədən çıxıb.

Bundan sonra İran 1995-ci ildə Rusiya ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, stansiya 1999-cu ildə istifadəyə verilməli idi, lakin layihənin başa çatdırılması bir neçə dəfə təxirə salınmışdı. Stansiya bir neçə illik gecikmədən sonra istifadəyə verilib.

Google+ WhatsApp ok.ru