Ruhaninin Bakıya səfəri zamanı Azərbaycan və İran arasında 10 sənəd imzalanacaq

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq. Trend-in İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib.

M.Vaezi bildirib ki, noyabrın 6-da Bakıya iki günlük səfər edəcək və Prezident H.Ruhaninin səfəri zamanı Azərbaycan və İran arasında imzalanacaq 10 sənədin razılaşdırılması haqqında müzakirələr aparacaq.

Onun sözlərinə görə, imzalanacaq sənədlər əsasən Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini əks etdirir.

M.Vaezi deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında əməkdaşlıq üçün yaxşı ab-hava yaranıb: “Prezident Həsən Ruhaninin səfər proqramında Azərbaycan Parlamentində çıxış, özəl və sənaye sektorunun nümayəndələri ilə görüş nəzərdə tutulub”.

Həmsədrin sözlərinə görə, səfərdə H.Ruhanini İranın Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Gilan əyalətlərindən özəl sektor nümayəndələri müşayiət edəcəklər.

O, qeyd edib ki, H.Ruhaninin Aəzrbaycana səfəri İranın qonşu ölkələrlə, xüsusilə Azərbaycanla əlaqələrinin inkişafı üçün ciddi və gələcəyə doğru atılmış bir addımdır.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri noyabrın ortalarında gözlənilir. /

Google+ WhatsApp ok.ru