Rus helikopterləri niyə qəzaya uğrayır?

Rus helikopterləri niyə qəzaya uğrayır?

 
Heç bir müharibə itkisiz ötüşmür. Ancaq aviasiya itkiləri ən ağır itkilər sayılır.
 
Bu il iyulun 8-də Rusiyanın döyüş helikopterinin Suriyada vurulması Rusiya informasiya məkanında diskussiyaya yol açdı. Əsas müzakirə də helikopterin nəylə vurulduğu barədə idi.
 
Rusiyanın «Mi-24», «Mi-25» və «ən müasir» «Mi-35» döyüş helikopterləri bir-birindən təchiz olunduqları silah və avadanlıqlara görə seçilir. Ancaq mahiyyətcə bu, artıq 1980-ci illərin sonlarında köhnəlmiş eyni, elə həmin maşındır. Bu maşınlarla indi yalnız zəif silahlanmış üsyançıları qorxutmaq olar, o da həmişə yox.
 
 
50 SAAT
Amma müzakirələr zamanı ekspertlər bu helikopterlərin müasir radioelektron mübarizə vasitələri ilə təchiz olunub-olunmaması məsələsinə toxunmayıblar. Belə ki, helikopterlər yeni nəsil silahlarla təchiz edilsəydi, onların məhv olmamaq şansı artardı.
 
Ancaq bu, adi praktikadır. Bir qrup insanın səhv qərarlarına görə digərləri həyatlarını itirir. Bu qərarların idarəçilikdən, yaxud şəxsi maraqlardan qaynaqlandığını bilməksə daha ağırdır. «Mi-28» və «Ka-50/52»lərlə də belə olub. 40 ildir başlamış bu epopeya hələ də davam edir.
 
1972-ci ildə ABŞ yeni nəsil döyüş helikopterinin konstruksiyasına başlayanda, sovet hərbçiləri anladılar ki, 1960-cı illərə aid «Mi-24» artıq köhnəlib və onun hərbi effektivliyi azdır. Bu helikopter sovet hərbi-sənaye kompleksinin ənənələrinə uyğun olaraq yarımçıq alınmışdı. Avadanlıq tez-tez sıradan çıxırdı, maşının təchiz olunduğu silahlarsa etibarlı deyildi. Mühərrikin resursunun cəmi 50 saat olması isə gülüş doğururdu. 
 
«Mi» helikopterlərinin yığılma sexi.
«Mi» helikopterlərinin yığılma sexi.
 
 
ÜSYANÇILARA QARŞI
Ancaq «Mi-24»ləri dərhal modernləşdirmək şərti ilə qəbul etdilər. Amma bu təkmilləşməni istismardan ayırmadan, pilotların qanı bahasına həyata keçirdilər. Zay maşınlar düzəldən konstruktorların səhvinə görə adi pilotlar canlarından keçməli olurdu.
 
İlk vaxtlar «Mi-24»ləri Avropa hərbi əməliyyatlar teatrına (HƏT) uyğun düzəldirdilər. Ancaq qarşı tərəfin yerüstü hissələri zenit qurğuları ilə o qədər yaxşı təchiz olunmuşdu ki, sovet helikopterləri hücuma keçməyə imkan tapmamış dərhal aşkarlanaraq məhv edilirdi. Bu maşınları yalnız hansısa üsyançılara qarşı istifadə etmək olardı. Ancaq SSRİ-yə NATO-nun qarşısına çıxarıla biləcək tank əleyhinə helikopter lazım idi.
 
Sovet HHQ-nin baş komandanı Pavel Kutakhov anladı ki, «Mi-24»ə artıq heç bir modernizasiya kömək etməyəcək. Buna görə də o, yeni nəsil döyüş helikopterinin yaradılması təşəbbüsünü irəli sürdü. 1976-cı ildə müsabiqə əsasında yeni helikopterlər yaratmaq qərarına gəldilər. Beləliklə, 1982-ci ildə «Mi-28» və «Ka-50» helikopterlərinin ilk sınaq uçuşları həyata keçirildi.
 
 
HELİKOPTERDƏ KATAPULT KRESLOSU
«Mi-24»ləri istehsal edən Mikhail Mil adına Moskva helikopter zavodu tenderi adi formallıq hesab edirdi. Üstəlik, bu qurumun Mərkəzi Komitə aparatı və Müdafiə Nazirliyində güclü lobbiləri var idi. Onlar özlərini o qədər də əziyyətə salmadılar. Nəticədə «Mi-28» «Mi-24»dən azca yaxşı olsa da, onun raket təchizatı elə «Mi-24» səviyyəsində qaldı. Beləliklə, əslində yeni maşın yaradılmadı.
 
Tenderdə iştirak edən digər şirkət isə Kamov adına Konstruktor Bürosu idi. Bu şirkətin ortaya qoyduğu məhsul keyfiyyəti ilə o qədər seçilirdi ki, SSRİ-nin aviasiya sənayesi naziri Anufriy Bolbot heyrətlə demişdi: «Həyatımda ağlıma gəlməzdi ki, qarşıya qoyulmuş eyni texniki vəzifələrlə iki fərqli maşın düzəltmək olar!». «Ka-50»nin fantastika filmlərinin xatırladan zahiri görünüşü də sınaq iştirakçılarını heyrətləndirmişdi. Kamov adına zavodun ideyası bir çox parametrlərə görə, ilk növbədə isə döyüş xüsusiyyətlərinə görə «Mi-28»i geridə qoymuşdu. Helikopterqayırma tarixində ilk dəfə maşını katapult kreslosu ilə təchiz etmişdilər. Ekstremal vəziyyətdə 0-4100 metr hündürlükdə istənilən manevrin icrası zamanı pilot helikopteri tərk edə bilərdi.
 
 
Ka-50
Ka-50
 
1983-cü ildə HHQ baş komandanı tenderin nəticələrini elan etdi: növbəti sınaqlar və istehsal üçün «Ka-50» seçilmişdi. Mil adına zavoda isə tövsiyə edildi ki, növbəti «Mi-28»ləri «Mi-24»lərin daha təkmil versiyaları üzərində düzəltməyə çalışsınlar. O zaman qəbul olunmuş hər bir nümunə çoxsaylı Lenin və Dövlət Mükafatları, Sosialist Əməyi Qəhrəmanı adları, orden və medallar, ən əsası isə seriya istehsalı üçün ayrılmış nəhəng məbləğlər demək idi. Sovet hərbi-sənaye kompleksində artıq oturuşmuş inhisarçılar vardı. Onlar «yadları» yaxın qoymurdular. Bütün tenderlər və sınaqlar saxta idi. Qərarlar pərdə arxasında, çox zaman da məhsulun real döyüş keyfiyyətlərinə məhəl qoymadan verilirdi. Konstruktor bürolarının rəhbərlərinin ali partiya rəhbərliyinə yaxınlığı həlledici rol oynayırdı.
 
 
QARA PİAR
1984-cü ildə HHQ baş komandanı Kutakhov-un ölümü Mil adına zavodun lobbiçilərinin əl-qolunu açdı. Onlar dərhal yeni baş komandana müsabiqənin qeyri-obyektivliyi barədə şikayət etdilər. Zavodun Mərkəzi Komitədəki güclü əlaqələrini nəzərə alan HHQ komandanlığı qərarı dəyişmədi, ancaq hər iki maşının uçuş sınaqlarını bir daha keçirməyə razılıq verdi. Nəticələrsə yenə eyni oldu.
 
O zaman Mil zavodu qara piara əl atdı. «Ka-50» barədə xoşagəlməz məlumatlar yaymağa başladı. SSRİ Müdafiə nazirinə və Mərkəzi Komitəyə donoslar göndərməyə başladı. Yoxlamaların, komissiyaların, iclasların və yeni şikayətlərin ardı-arası kəsilmədi.
 
1986-cı ildə Müdafiə Nazirliyinin yenidən «Ka-50»ni seçməsindən sonra bu proses bir daha təkrarlandı. Növbəti dəfə «Ka-50»nin xeyrinə qərar verilənə qədər artıq dövlət dağılmağa başlamışdı.
 
Beləliklə ordu bu yeni döyüş helikopterini görmədi.
 
 
KÜTLƏVİ İSTEHSALA PUL TAPILMADI
Hərbçilərin tərəddüd etməsinə başqa səbəb də var idi: «Mi-24»lərin «Ka-50»lərlə əvəz edilməsi təkcə taktikada yox, həm də uçuş kadrlarının hazırlıq sistemində dönüş demək idi. Tədris proqramları tamamilə dəyişdirilməli, yeni taktiki fəndlər işlənib hazırlanmalı idi. Bu isə Silahlı Qüvvələrin strukturunun kökündən yenidən qurulmasını tələb edəcəkdi. Bu kimə lazım idi? Kompromis variant isə bu idi ki, hər iki maşını kiçik partiyalarla istifadəyə buraxıb döyüş praktikası zamanı hansının daha yaxşı olduğuna qərar versinlər.
 
SSRİ-nin süqutundan sonra helikopter epopeyası da eyni ssenari ilə davam etdi. Nəhayət, 1995-ci ildə prezidentin əmri ilə «Ka-50» qəbul olunsa da, məsələ kütləvi istehsala qədər gedib çıxmadı. Onun kütləvi istehsalına pul tapılmadı.
 
Ancaq çox köhnə «Mi-24»lərin Rostov vertolyot zavodunda təmirinə külli miqdarda pul tapıldı. İndi də, nədənsə, Rusiya ordusunun başbilənləri israrla «Ka-50»ni kütləvi buraxmaq istəmirdilər.
 
Suriyada vurulmuş rus helikopterinin qalıqları.
Suriyada vurulmuş rus helikopterinin qalıqları.
 
QƏZA SƏBƏBİ – YA MÜHƏRRİK, YA REDUKTOR
 
2003-cü ildə bütün pozuntulara və qüsurlara baxmayaraq, məhz «Mi-28N»in ordunun əsas zərbə helikopteri olması barədə qərar qəbul olunur. Hətta HHQ-nin baş komandanı Vladimir Mikhailov bu helikopterin dünyada analoqunun olmadığını deyir. Üstəlik, 2006-cı ilin iyununda baş nazirin müavini və müdafiə naziri Vladimir Putin-ə bəyan edirlər ki, «Mi-28N» öz taktiki-texniki xüsusiyyətlərinə görə «Mi-24»dən 4-5 dəfə üstündür. Əslində isə, bu helikopter döyüş keyfiyyətinə görə heç «Mi-24»ün modernləşmiş versiyalarını keçmirdi.
 
«Mi-28N» heç vaxt təkmilləşdirilmədiyindən, orduda onun adı ilə bağlı rəsmən elan olunmuş beş qəza baş verib. Nəticədə dörd pilot həyatını itirib. «Mi-28N»lə bağlı bütün qəzalarda problem ya mühərrik, ya da reduktorla bağlı olub.
 
Mütəxəssislərin fikrincə, bütün Rusiya helikopterlərinin əsas problemi uzaq məsafədən vura bilən silahların olmamasıdır. Məhz buna görə də topu və idarəolunmayan aviasiya raketlərini işə salmaq üçün onlar düşmənə təhlükəli dərəcədə yaxınlaşmalı olurlar.
 
 
YALNIZ «KALAŞNİKOV»A QARŞI
Rusiya istehsalı, tank əleyhinə idarəolunan raketlər (TƏİR) də ABŞ-ın «AGM-114 Hellfire» raketlərindən çox geri qalır. «Mİ-24» üçün yaradılmış «Şturm-V» TƏİR-i də artıq dünəndə qalıb. Onun atəş məsafəsi 5 km-i keçmir. Operator raketi idarə edənə qədər pilot tərpənmədən helikopteri düşmənin gözünün qabağında saxlamalıdır. Bu isə helikopteri məhv edilmə riski qarşısında qoyur. Mütəxəssislər deyirlər ki, «Mi-28N» helikopterləri 4-6 km məsafədən atəşə tutulduqları zaman ən böyük riskə gedirlər. Bu halda onlar uçuş hündürlüyünü artırmağa məcbur olurlar. Bu isə helikopterin müasir zenit vasitələri ilə vurulması ehtimalını kəskin artırır. Uzun sözün qısası, «Mi-28N» helikopterləri birbaşa döyüş zonasına girmədən hədəfi vurmağa qadir deyil. Suriyada da məhz belə olur. Ona görə də «Mi-28N» ancaq «Kalaşnikov»larla silahlanmış üsyançılarla mübarizəyə yarayır.
 
Rusiyanın «Vixr» adlı daha yaxşı hesab olunan TƏİR-i isə 1970-ci illərin ortalarına aiddir. Yəni o da bir qədər köhnəlib.
 
Azərbaycanın Rusiyadan aldığı helikopterlər, əsasən, «Mi-24B»nin modifikasiyası olan «Mi-35M» maşınlarıdır. 2014-cü ildə Azərbaycana onların ilk partiyası daxil olub. Bu helikopterlər yuxarıda adıçəkilən 80 mm-lik «Şturm-B», yaxud «Ataka-M2» raketləri ilə silahlanır.
 
Azərbaycan ordusunda 1991-ci ildən bəri istismar olunan helikopterlər isə, əsasən, «Mi-24»lər olub. (Azadliq Radiosu) /

Google+ WhatsApp ok.ru