Rusiya bazarına `ayaq açan` Türkiyə pomidoru və...

Rusiya bazarına `ayaq açan` Türkiyə pomidoru və...

-- artıq Türkiyə pomidoruna olan qadağa aradan qalxıb

"Yeni Müsavat" qəzetində "Rusiyadan Türkiyəyə "yaşıl işıq": Azərbaycanda pomidor ucuzlaşacaq" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif bu gündən, yəni mayın 1-dən Rusiyanın Türkiyə pomidorlarına qoyduğu qadağanı aradan qaldırmasını, bunun Azərbaycana mümkün təsirlərini ekspertlərlə araşdırır.
 
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Rusiya ticari amillərdən belə siyasi danışıqlar prosesində təzyiq vasitəsi kimi istifadə edir və buna fakt olaraq iki il öncə Türkiyə ilə Rusiya arasındakı təyyarə olayını xatırladır:"Təqribən iki il öncə Türkiyədən Rusiyaya pomidor idxalı qadağan edilmişdi, hətta o zaman ilkin 50 min ton pomidorun Rusiya bazarına daxil olması ilə bağlı razılaşma da var idi. Rusiya həmişə bu məsələdən Türkiyə ilə danışıqlarda bir təzyiq vasitəsi kimi istifadə edib".
 
N.Cəfərli xatırladır ki, Türkiyə Rusiya bazarının təqribən 50 faizə yaxınını kənd təsərrüfatı məhsulları ilə təmin edirdi və iki ölkə arasında aqrar məhsullar üzrə 50 milyard dollarlıq ticarət mövcud idi: "İndi razılığın əmələ gəlməsi də hansısa danışıqlar nəticəsində güzəştlər əldə olunduqdan sonra baş tutub. Artıq qadağaların tamamilə götürülməsi üzrə danışıqlar yekunlaşıb".
 
İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, iki ölkə arasındakı razılaşma Azərbaycanın daxili bazarında pomidorun ucuzlaşmasına səbəb olacaq: "Azərbaycanın qeyri-neft sektorunda əsas ixrac məhsulu kənd təsərrüfatı məhsullarıdır. Aqrar məhsulların strukturunda isə ən çox ixrac olunan pomidordur, pomidorun əsas bazarı isə Rusiya bazarıdır".
 
Ekspert vurğulayır ki, 2015-ci ildən sonra Rusiya ilə Türkiyə arasında yaranan siyasi böhranın nəticəsi olaraq bu ölkəyə pomidor ixracının məhdudlaşdırılması azərbaycanlı fermerlərin manevr imkanlarını artırdı. İxracın həcmində əhəmiyyətli artımlar oldu.
 
R.Həsənov deyir ki, artıq Türkiyə pomidoruna olan qadağa aradan qalxıb, Rusiya bazarında üstünlük Türkiyə məhsullarına aid olacaq.
 
Ekspert deyir ki, Rusiya bazarına marağın yüksək olması istehsal olunan pomidorun böyük əksəriyyətinin ixrac olunmasına gətirib çıxardı: "Daxili bazarda təklifin məhdud olması səbəbindən əhali məhsulu yüksək qiymətə alırdı. Hazırda daxili bazarda pomidorun qiyməti Azərbaycan ailəsinin imkanlarına uyğun deyil. Rusiyanın Türkiyə pomidoruna olan qadağanı ləğv etməsindən sonra bizim sahibkarlar məhsullarının bir qismini daxili bazarda satmağa məcbur olarsa, bu təklifin artmasına və qiymətlərin optimallaşmasına səbəb olacaq. Bir qrup sahibkar zərərlə üzləşsə də daha geniş kütlə - əhali ucuz qiymətə pomidor ala biləcək".
 

Google+ WhatsApp ok.ru