Rusiyada küçə etirazlarında onlarla saxlanan var

Rusiyada küçə etirazlarında onlarla saxlanan var

Moskva və Sankt Peterburq şəhərlərində polis icazəsiz etirazlarda iştiraka görə azı 68 nəfəri saxlayıb. Etirazlar ekstremizmdə suçlanan 10 rusiyalıya açılmış cinayət işinə qarşı keçirilirdi.
 
Oktyabrın 28-də Federal Təhlükəsizlik Xidmətinin (FSB) Moskvanın Lubyanka Meydanından qərargahı qarşısına onlarla etirazçı yığışıb.
 
Etirazçılar yürüşə başlamaq istəyəndə polis onlardan 18-ni saxlayıb.
 
Sankt Peterburqun mərkəzində nümayiş zamanı isə ikisi jurnalist olmaqla 50 nəfər saxlanıb, sonradan buraxılıblar.
 
Rusiyanın digər şəhərlərində də kiçik etirazlar keçirilib.
 
Etirazlar “Yeni Böyüklük” adlı qrupa qarşı cinayət işi üzrə ekstremizmdə suçlanan 10 nəfərə dəstək məqsədilə keçirilib. Etirazçılar bu işin hakimiyyətin provokasiyası olduğuna inanırlar.
 
İş üzrə təqsirləndirilənlərin deməsinə görə, hökuməti tənqid edən bir onlayn qrupa qatılıblar, iştirakçılardan biri siyasi hərəkat yaratmağı təklif edib. Sonradan həmin ideyanı vermiş, hərəkatın xartiyasını yazmış şəxsin FSB-nin agenti olduğu üzə çıxıb.
 
“Özümə və övladıma qarşı belə bir şeyin baş verəcəyinə heç vaxt inanmazdım. Bu o deməkdir ki, bu, hər kəsin başına gələ bilər”, – iş üzrə təqsirləndirilən bir qızın anası Julia Pavlikova deyib.
 
“Bir gün qapımı döydülər və övladımı apardılar”, – o, “Frans Pres” agentliyinə söyləyib. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru