Rusiyada son 28 ildə 150 min nəfər QİÇS-dən ölüb

Rusiyada son 28 ildə QİÇS virusundan 150 min nəfər insan ölüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi Aleksey Mazus bildirib.
 
Onun sözlərinə görə, hazırda 600 min nəfərdən çox Rusiya vətəndaşı aktiv HİV virusunun daşıyıcısıdır.
 
Rusiyada HİV/QİÇS xəstəliyinin yoluxma hallarını 1986-cı ildən bu günə qədər izlədiklərini söyləyən A.Mazus bildirib ki, ölkədə 2014-cü ilin ilk 3 ayında 642 min nəfər aktiv HİV virusunun daşıyıcısı olub: "Bu, ümumilikdə Rusiya əhalisinin 4 faizidir. Çox təhlükəli bir rəqəmdir".
 
Rusiya Federal Xalq Sağlığı Dairəsinin rəqəmlərinə görə, aktiv HİV virusunun daşıyıcılarının sayı 800 min nəfərə yaxındır. Bura əcnəbilər və əmək miqrantları da daxildir.
 
Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi HİV virusunun ən çox yayıldığı regionları da açıqlayıb: "Kemerovo, Yekaterinburq, Tümen, Tomsk, Novosibirsk, Samara və İrkutsk ən təhlükəli bölgələrdir. HİV virusu daha çox narkomaniyanın olduğu regionlarda yayılır. Adı çəkilən bölgələrdə də narkomaniya geniş vüsət alıb".
 
A.Mazus paytaxt Moskvada 47 min nəfər insanın HİV virusunun daşıyıcısı olduğunu söyləyib: "Dünyanın Nyu-York, Vaşinqton və London kimi böyük şəhərləri ilə müqayisədə Moskvada HİV daşıyıcılarının sayı azdır".

Google+ WhatsApp ok.ru