Rusiya ilə problemlərə görə Avropa qaz axtarışına başlayıb

Bu sırada Azərbaycan, Türkmənistan, İran və digər ölkələrin adları çəkilir

Avropa İttifaqı (Aİ) təbii qazın birlikdə satın alınması yollarını axtarmalı və araşdırmalıdır. Bu barədə Aİ-nin enerji məsələləri üzrə komissarı Maroş Şefçoviç keçirdiyi mətbuat konfransda bildirib.
 
Maide.az-ın məlumatına görə, o deyib ki, Avropa İttifaqı təbii qazın qrup halında satın alınmasını istəyir. Biz dünyada ən böyük enerji istehlakçısıyıq. Hamımızın sözü bir olmalıdır. Biz daha iddialı enerji diplomatiyası irəli sürməliyik.
 
Çıxışında Cənub Qaz Dəhlizi məsələsinə də toxunan Şefçoviç siyasi və iqtisadi kompromisin vacibliyindən söz açıb: "Enerji təchizatının diversifikasiyası məsələsində, xüsusilə də qaz məsələsində "Nabukko"dan öyrəndiyimiz dərslər var. Cənub Qaz Dəhlizinin həyata keçməsi üçün daha sıx kontakt, daha çox iştirak lazımdır. Bunun üçün adekvat siyasi və maliyyə dəstəyinin olması vacibdir".
 
Ekspertlərin fikrincə, onun bu bəyanatı qarşıdan gələn qış fəslinin Avropa üçün çətin keçəcəyinə bir işarədir. Rusiya ilə yaranmış siyasi-iqtisadi böhran bu məsələdə yeni yolların tapılmasına əsas yaradır. Rusiya ilə münasibətlər düzəlməyəcəyi təqdirdə əsas yükün qaz istehsal edən ölkələrin üzərinə düşəcəyi istisna deyil. Bu sırada Azərbaycan, Türkmənistan, İran və digər təbii qaz istesalçıları yer alır və bu ölkələrlə əməkdaşlığın gücləndirilməsinə ehtiyac yaranacaq.

Google+ WhatsApp ok.ru