Rusiyalı hərbi ekspert: “Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir”

General-leytenant Yevgeni Bujinski: “Qərb regionda “status-kvo”nun saxlanmasında maraqlıdır”

“Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində gərginlik müvəqqəti xarakter daşıyır”.
 
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Təhqiqatlar Mərkəzinin Şurasının sədri, tanınmış hərbi ekspert, ehtiyatda olanda general-leytenant Yevgeni Bujinski deyib.
 
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq: “20 ildən artıqdır ki, iki qonşu ölkə arasında münaqişə davam edir. Fikrimcə, Dağlıq Qarabağ konflikti artıq həll olunmalıdır. Lakin bu həll yolu müharibə deyil. Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməldir”.
 
Hərbi ekspert Rusiyanın Dağlıq Qarabağ konfliktinin həllində çıxılmaz vəziyyətdə qaldığını söyləyib: “Rusiyanın bu məsələdə açıq-aydın mövqe bildirməsi çox çətindir. Ermənistan Rusiyanın müttəfiqidir. Azərbaycan isə Rusiya üçün olduqca strateji əhəmiyyətli tərəfdaş ölkədir. Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan öz aralarında hansısa razılığa gəlsin”.
 
Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə maraqlı olduğunu şərh edən Y. Bujinski bildirib ki, Qərb üçün əsas məsələ Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmamasıdır: “Qərb Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanmasını istəmir. ABŞ regiondakı “status-kvo”nun saxlanmasının tərəfdarıdır. ABŞ-da və Avropada güclü olan erməni lobbisinin bu işdə rolu böyükdür. Erməni lobbisi qərbdə hakimiyyətə siyasi təzyiq göstərə bilir. Nəzərə alaq ki, Azərbaycanın da enerji resursları Qərb üçün olduqca əhəmiyyətlidir. ABŞ Azərbaycana və ümumiyyətlə Cənubi Qafqaz regionuna Avropanı enerji resursları ilə təmin edəcək alternativ ərazi kimi baxır. Ona görə də, Qərb regionda “status-kvo”nun saxlanmasında maraqlıdır. Bir sözlə, ABŞ da Dağlıq Qarabağ konfliktinin güc yolu ilə həll olunmasına qarşıdır”.

Google+ WhatsApp ok.ru