Rusiyanın başçılıq etdiyi hərbi alyans ermənilərə dəstək nümayiş etdirdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja oktyabrın 7-də Ermənistanın müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb hissəsinə gəlib.

“Media forum” saytı Ermənistan Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, Nikolay Bordyuja cəbhənin ön xəttində olub, operativ vəziyyət, atəşkəsin pozulması halları, erməni əsgər və zabitlərin hərbi hazırlığı, məişəti ilə maraqlanıb. Nikolay Bordyuja jurnalistlərə deyib ki, yekunda bütün bunlar barədə - operativ vəziyyət haqda məruzə hazırlayacaq.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tarixində ilk dəfədir təşkilat ermənilərə belə bir açıq dəstək nümayiş etdirir, qurumun baş katibi Ermənistan-Azərbaycan sərhədinə, cəbhə xəttinə gəlir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə Rusiyanın təşəbbüsü ilə yaradılıb. Təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan daxildir. /

Google+ WhatsApp ok.ru