Rusiya qlobal nüfuz savaşında ABŞ-ı üstələyir

Rusiya qlobal nüfuz savaşında ABŞ-ı üstələyir

Parçalanmış Amerika Moskvanın demokratiyalara zərbə vurmaq, ABŞ-ın alyanslarını şübhə altına almaq cəhdlərini önləyə bilmir. Belə bir xəbərdarlıq Pentaqon və müstəqil strategiklərin yeni hesabatında yer alıb. “Politico” dərgisində Bryian Bender yazır ki, Birləşmiş Ştatlar getdikcə Rusiyanın gücləndirdiyi siyasi müharibəyə dirəniş göstərməkdən ötrü əlverişli mövqedə deyil. Bu arada ABŞ-ın hər iki siyasi partiyası da Prezident Donald Trump-ın Moskvaya yanaşmasını tənqid edir.
 
150 səhifədən artıq hesabatı ABŞ Qüvvələrinin Baş Qərargahı hazırlayıb. Hesabatda vurğulanır ki, ABŞ hələ də Rusiyanın aqressiyasının miqyasını yetərincə dəyərləndirmir. Avropa, Orta Asiya, Afrika və Latın Amerikasında propaqanda və dezinformasiyadan istifadə bu aqqresiyaya daxildir. Araşdırmada həmçinin Rusiyayla Çinin getdikcə yaxınlaşmasının təhlükələrindən söz açılır. Hər iki ölkə Birləşmiş Ştatların beynəlxalq alyanslarından əndişələnir,“avtoritar sabitliyə” meyllənir.
 
Müəlliflərin fikrincə, ölkədəki qarışıqlıq ABŞ-ın bu cəhdləri önləməsini əngəlləyir. Hesabatda Trump tənqid olunmur. Ancaq bu sənədin ortaya qoyulması hər iki partiyadan təhlükəsizliklə bağlı səslənən fikirlərlə eyni vaxta düşür. Trump ölkənin Avropa və Asiya ilə alyanslarına etinasız yanaşır, Vladimir Putin və Kim Jong Un kimi avtoritar liderlərə açıq şəkildə ehtiram göstərir, Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair dəlilləri məsxərəyə qoyur.
 
“Politico”nin danışdırdığı ekspertlər də hesabatda deyilənlərlə razılaşırlar.
 
“Rusiya Qərb institutlarına çoxlarının anladığından daha hiyləgər və ehtiyatlı şəkildə hücum edir”, – Vaşinqtonda mənzillənən Azad Rusiya Fondunun prezidenti Natalia Arno deyib. Bu fond da bu yaxınlarda Rusiyanın Qərbə zərbə vurmaq cəhdlərinə dair araşdırmasını bitirib.
 
“Bu hücumlar daha incə və hiyləgər görünə bilər, ancaq ən xırda detalları belə dağıdıcıdır – hökumətlərə təsir göstərilir, qanunlar dəyişdirilir, hüquqi qərarlar zərbə altında qalır, hüquq-mühafizə orqanlarının işi əngəllənir, hərbi müdaxilə maskalanır”, – o, sözlərinə əlavə edib. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru