Rusiya və Türkiyə ABŞ-ın birqütblü dünya planını pozur

Rusiya və Türkiyə ABŞ-ın birqütblü dünya planını pozur

Kremldə Rusiya və Türkiyə prezidentləri arasında baş tutan görüş siyasi müşahidəçilər tərəfindən diqqətlə izlənilir. Ölkə başçıları ikitərəfli əməkdaşlıq, birgə reallaşdırılan layihələri – "Türk Axını" qaz kəmərini, "Akkuyu" AES-nin tikintisini, həmçinin Türkiyə tərəfinə "S-400" zenit-raket komplekslərinin tədarükü məsələlərini müzakirə ediblər. Bundan əlavə, Putin və Ərdoğanın Suriya problemini müzakirə etdikləri də ehtimal edilir. Moskvaya səfəri öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə Türkiyənin Suriyada yeni hərbi əməliyyatını müzakirə etmək niyyətindədir.
 
"Bizim sərhəddə əməliyyata hazırlığımız başa çatıb. Əməliyyat üçün hər şey hazırdır. İstənilən vaxt biz əməliyyata başlaya bilərik. Rusiyaya səfərim zamanı biz bu məsələni də digər məsələlər sırasında üz-üzə müzakirə edəcəyik" – deyə Ərdoğan Moskvaya səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
 
Daha əvvəl isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya və Türkiyə prezidentləri aprelin 8-də Moskvada görüşəcəklər. Həmçinin, bu ölkələrdən olan iş adamları ilə görüş keçiriləcək.
 
Onun sözlərinə görə, danışıqlardan sonra liderlər Böyük Teatra gedəcəklər: "Liderlər orada mədəniyyət və turizm illərinin açılışı mərasiminə qatılacaqlar. Liderlər açılış mərasimində nitq söyləyəcəklər".
 
Siyasi analitiklər bildirirlər ki, iki ölkə arasında ticarət dövriyyəsi və birgə layihələrin sayı artır. Ərdoğan Moskvada rusiyalı həmkarıyla görüşündə hədəfini bir daha təkrarladı - ticarət mübadiləsinin həcmi 100 milyard dollara çatdırılmalıdır.
 
Hazırda Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə görə Qərb tərəfindən təzyiqlərlə üzləşir. ABŞ-ın vitse-prezidenti Mayk Pens Ankaraya konkret xəbərdarlıq ünvanlayıb: "Ya NATO ilə əməkdaşlıq edəcəksiniz, ya da Rusiyadan S-400 raketləri alacasınız". Ərdoğan S-400 raketlərini alacağını bildirib. Bu isə Türkiyə ilə NATO dövlətlərini üz-üzə qoya bilər.
 
Ərdoğan-Putin görüşünün aktuallığı isə ilk növbədə Suriyadakı hadisələrlə bağlıdır: Son açıqlamalara görə, ABŞ və Rusiya arasında Suriyadakı vəziyyətlə bağlı böyük ziddiyyətlər yaranıb. Eyni zamanda, ABŞ-ın bəzi kürd qruplarını dəstəkləməsi Türkiyənin narazılığına səbəb olub. Digər məsələ Suriyanın gələcəyi ilə bağlıdır.
 
Türkiyə-Rusiya münasibətlərinə təsir edən regiondakı hadisələr də müzakirə edilməlidir. Məsələn, Türkiyə Qafqaz regionu və Dağlıq Qarabağ münaqişəsi məsələləri çərçivəsində Rusiyanın Ermənistana təzyiq mexanizmlərindən istifadə etməsini istəyir. Türkiyə ilə sərhəddə yerləşən Ermənistanın müasir silahla silahlanması Ankaranı narahat etməyə bilməz. Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bəllidir və bu məsələ Ankaranı narahat edir.
 
Bundan başqa, Qara Dəniz hövzəsindəki siyasi vəziyyət də Ankara və Moskvanın müzakirə etdiyi məsələlərdəndir. Onu da vurğulayaq ki, hazırda Türkiyəni daha çox Rusiya ilə münasibətlərin qaydaya salınması və möhkəmləndirilməsi maraqlandırır. Türkiyə hər zaman Qarabağ mövzusunda Azərbaycanı dəstəkləyib. Bundan sonra da fərqli bir mövqedə dayana biləcəyi istisnadır.
 
Bölgədə cərəyan edən proseslər Azərbaycanın maraqlarına uyğun şəkildə cərəyan edir.
 
Rusiya-Türkiyə münasibətlərinə təsir edən daimi və keçici amillər də mövcuddur. Ankara və Moskva müxtəlif sahələrdə bir-biriləri ilə həm əməkdaşlıq edir, həm də rəqabət aparırlar. Lakin "münasibətlərin inkişafı Dağqlıq Qarabağ münaqişəsinin həllinə ciddi bir təsir göstərə bilərmi" sualı açıq qalır. Rusiya-Türkiyə münasibətlərinin strateji əməkdaşlıq ranqında olduğu zamanlarda Rusiya-Türkiyə münasibətlərinin pozitiv inkişafının, əməkdaşlığın genişləndirilməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi bir təsiri olmadı. Baxmayaraq ki, Türkiyə və Azərbaycan strateji müttəfiqlərdi, Ankaranın öz maraqları var və bu amili Bakı da nəzərə alır.
 
Onu da vurğulamaq lazım gəlir ki, Moskva və Ankara nə qədər əməkdaşlıq eləsələr də, onlar eyni zamanda rəqibdirlər. Rusiya Türkiyənin bölgəyə müdaxiləsini və Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirməsini istəmir. Türkiyə isə Rusiyanın Ermənistanla hərbi əməkdaşlığına qarşıdır. Rusiya və Türkiyə münasibətlərindəki yaxınlaşma ABŞ-ın birqütblü dünya qurmaq istəyinə qarşı formalaşdırılan bir əməkdaşlıqdır. Maraqlar sözügedən ölkələri bu mərhələdə tərəfdaşa çevirir...
 
 
 
Read more: https://sputnik.az/columnists/20190409/419979780/Rusiya-ve-Turkiye-ABs-in-birqutblu-dunya-qurmaq-oyununu-pozur.html

Google+ WhatsApp ok.ru