Rusiya öz təyyarələrini Ermənistana “sırıyır”?

Rusiya öz təyyarələrini Ermənistana “sırıyır”?

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib ki, Ermənistan Sukhoi Superjet 100 təyyarələrinin alınmasında maraqlıdır.
 
Onun sözlərinə görə bu təyyarələr müştərək Rusiya-Ermənistan hava şirkətinin aviaparkına veriləcək.
 
Manturovun sözlərinə görə Moskva bu müştərək Rusiya-Ermənistan hava şirkətinə 10 belə təyyarə verməyə hazırdır.
 
Nazir deyib ki, böyük bir ehtimalla bu təyyyarələr Ermənistana 2018-ci ilin sonlarında və ya 2019-cu ilin əvvəllərində verilə bilər.
 
Azatutyun xəbər verir ki, bir neçə il bundan əvvəl Ermənistanın milli hava yolları şirkəti – Armavia bu təyyarələrdən imtina etmişdi. Buna baxmayaraq Rusiyanın ilk Superjet təyyarəsini də Armavia 2011-ci ildə almışdı.
 
İnterfax xəbər verir ki, Armavia 2012-ci ildə ikinci təyyarəni almağa hazırlaşırdı, lakin tezliklə müflis olmuşdu.
 
Ermənistanın 2011-ci ildə aldığı Sukhoi SuperJet 100 təyyarəsi Yerevanda
Ermənistanın 2011-ci ildə aldığı Sukhoi SuperJet 100 təyyarəsi Yerevanda
 
Həmin illərdə Rusiya və Ermənistan mediası Superjet təyyarələrinin texniki keyfiyyətsizliyi barədə yazırdı.
 
Lakin Denis Manturov bildirib ki, hazırda sözü gedən texniki qüsurlar aradan qaldırılıb və bu təyyarələrin istismarına heç bir qadağan yoxdur.
 
Azatutyun yazır ki, bütün bunlara baxmayaraq Superjet təyyarələrinin qüsurlu olduğu barədə məlumatlar daxil olmaqda davam edir. Ötən ilin dekabrında Rosaviasiya bu təyyarələrin stabilizatorlarının yoxlanılmasını tələb edib. Ötən ilin payızında Rusiyanın Aeroflot şirkəti Superjet təyyarələri ilə yerinə yetirilən reysləri texniki təhlükəsizlik mülahizələri ilə ləğv edib.
 
Buna baxmayaraq Sukhoi şirkəti Superjet təyyarələrinin 80 faizinin hazırda istifadədə olduğunu bildirir.
 
Lakin Vedomosti qəzeti tamam başqa statistika verib. Qəzet yazır ki, hər beş Superjetdən biri xarab çıxır. Rusiya ərazisindəki başqa hava şirkətləri də bu təyyarədən razı deyillər.
 
Sukhoi Superjet 100 (SSJ100) Rusiyanın yaxınmənzilli sərnişin təyyarəsidir. Bu təyyarə 98 sərnişin götürə bilir və 4400 kilometr məsafəni birdəfəyə qət edir. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru