RUZİ YALNIZ ONUN ƏLİNDƏDİR!

RUZİ YALNIZ ONUN ƏLİNDƏDİR!

Allah-Taala Qurani-Kərimin “İsra” surəsinin 30-cu ayəsində buyurur:

إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 91-ci xütbəsində buyurur: “Allah insanların ruzisini artırıb-azaltmaqla müəyyənləşdirmişdir. İstədiyini sıxıntı, istədiyini rifahla sınağa çəkər. Varlı və yoxsul şükür və səbirlə imtahana çəkilib seçilər.”

Dini mətnlərə əsasən, hər bir canlının ruzisi Allah-Taalanın öhdəsindədir və insanlar sərvət vasitəsilə sınaqdan keçirilirlər. Sınaqdan keçirilirlər ki, kim ilahi nemətlərin şükrünü yerinə yetirir və kim nankordur? Kim ilahi nemətləri Allah yolunda, məhrumlar, yetimlər və yoxsullara xərcləyir və kim sərvətin çoxluğu nəticəsində qəflət və təkəbbürə düçar olur?

Yaxud da ruzinin azlığı zamanı səbirli və dözümlü olub-olmadığı bəllənsin! Bəllənsin ki, kim Allaha minnətdar və təslimdir, kimisi isə daim giley-güzar və etiraz dilini uzadaraq harama qurşanır, nankorluq edir?!

Bəzən, zehnimizdə belə bir sual dolanır: “Axı nə üçün bəziləri məhrum və yoxsuldur? Nə üçün məhrum və yoxsul təbəqə varlı təbəqənin varına, infaqına göz dikməlidir? Olmazdı ki, Allah-Taala onların ehtiyacını elə Özü təmin etsin və onlar başqalarının malına göz dikməsinlər?

“İsra” surəsinin 30-cu ayəsində bu suala cavab verilir: Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!”

Bu, insanlar üçün bir sınaq və imtahandır! Yoxsa, Allah-Taala üçün hər bir şey asandır. O, insanları bu vasitə ilə, səxavətlilik və fədakarlıq ruhiyyəsi ilə tərbiyələndirmək istəyir. Buna rəğmən, ruzinin genişliyi və azlığı insanların zəhmət və təlaşından asılıdır. Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da!” – ayəsinə gəldikdə isə, Onun istəyi hikmətinə əsaslanır və Onun hikmətinə əsasən, zəhməti çox olanın payı çox, zəhməti az olanın payı isə az olmalıdır., həm də bəzilərinin yoxsulluğu hikmətsiz deyil!

BƏLİ, RUZİ VERƏN ODUR!

Nəql edirlər ki, bir gün bir hakim vəzirləri və xidmətçiləri ilə ova çıxır və ovu ovladıqdan sonra, bir dağın ətəyində əyləşib süfrə açırlar. Xidmətçilər övladıqları böyük bir quşu qızardıb süfrəyə qoyurlar. Hakim quş ətindən yemək istədikdə, bir şahin şığıyıb süfrədəki quşu caynağına alaraq göyə qalxır. Hakim əsəbiləşir və əmr verir ki, nə yolla olursa olsun, şahini ovlasınlar. Şahin uçur, hakim və ətrafındakılar da onun arxasınca qaçmalı olurlar. Şahin dağı dövr edib, bir nöqtədə enir. Hakim öz dəstəsi ilə birgə şahinin endiyi yerə yaxınlaşdıqda, qəribə bir hadisə ilə rastlaşır. Görür ki, şahin caynağına aldığı quşu tikələyib, əl-ayağı bağlı vəziyyətdə yerə uzanmış bir kişiyə yedizdirir. Ondan sonra şahin uçaraq, yaxınlıqdakı çaydan dimdiyində su gətirib həmin kişiyə verir.

Hakim və dəstəsi kişiyə yaxınlaşıb, onun vəziyyətini soruşduqda, kişi deyir: “Mən tacirəm. Ticarət məqsədilə başqa şəhərə gedirdim. Bu məntəqəyə çatdıqda, quldurlar hücum edib, əmlakımı əlimdən aldılar. Məni öldürmək istədikdə, onlara yalvarıb-yaxardım ki, məni öldürməsinlər. Onların mənə yazığı gəldi, amma mənə dedilər ki, sənin əl-qolunu bağlamasaq, özünü yaxın kəndlərin birinə çatdırıb, bizim yerimizi kənd əhalisinə xəbər verəcək və onları bizim arxamızca yollayacaqsan. Odur ki, səni öldürmürük, amma əl-qolunu bağlamaq məcburiyyətindəyik. Onlar mənim əl-qolumu bağlayıb bura atdılar.

Növbəti gündən bu quş (şahin) mənim xidmətimdədir və hər gün iki dəfə mənə yemək gətirir. Hakim bu hadisədən təsirlənib deyir: “Allah o qədər mehriban və kərimdir ki, əli-qolu bağlı bəndəsini belə səhralıqda tənha buraxmır. Vay olsun bizim halımıza ki, belə mehriban və kərim Allahdan qafilik!”

Bəzli, ruzi Allahın əlindədir və ruzinin genişliyi və azlığı sınaq vasitəsidir. Odur ki, bu sınaqdan başıuca və alnıaçıq çıxmaq üçün bolluqda da, qıtlıqda da Onun şükrünü yerinə yetirməli, giley-güzaq, qəflət və təkəbbürdən uzaq olmalıyıq! (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 2-ci cild, səh.633.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru