Rəhim Qazıyev həbsdən buraxıldı

Rəhim Qazıyev həbsdən buraxıldı

-- 10 sutka inzibati həbs cəzası 100 manat cərimə ilə əvəzlənib

Keçmiş müdafiə naziri Rəhim Qazıyev həbsdən buraxıldı. Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədov qərar çıxarıb. Qərara əsasən, R.Qazıyevə verilmiş 10 sutka inzibati həbs cəzası 100 manat cərimə ilə əvəzlənib. Onun həbsdə saxlandığı hər gün 20 manatdan hesablanıb və pul cəzasından da azad edilib.
 
R.Qazıyev bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutkalıq həbs edilib. O, küçədə söyüş söyməkdə suçlu bilinib. Sabiq nazir bu ittihamın yalan olduğunu deyir. Onun sözlərinə görə, küçədə getdiyi yerdə iki nəfər mülkigeyimli qoluna girib, maşına mindirərək, 17-ci polis bölməsinə aparıblar.
 
R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, Şuşa və Laçının işğalında günahlandırılaraq, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. Bu cəza da sonradan 15 il həbslə əvəzlənib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru