Rəsmən nə varlısı bilinir, nə kasıbı ...

Rəsmən nə varlısı bilinir, nə kasıbı ...

“Exo” qəzetində “Bizim varlı və yoxsul vətəndaşlar: Azərbaycan meyarları” sərlövhəli yazı oxumaq olar.
 
Müəllif ölkədə varlı və kasıb insan kateqoriyalarının müəyyən olunması məsələsini ekspert Vüqar Bayramov ilə təhlil edib.
 
“Azərbaycanda varlı və ya kasıblığı müəyyən edən meyarlar rəsmi olaraq, hələ yoxdur. Odur ki, bir qayda olaraq hamını yoxsulluq səviyyəsilə müqayisədə müəyyən edirlər”, – V.Bayramov bildirib.
 
Ekspert deyib ki, gəliri istehlak minimumundan aşağı olan, hökumətdən sosial yardım alanlar aztəminatlı vətəndaşlar sayılırlar.
 
Yazıda xatırladılır ki, 2017-ci ildə yaşayış minimumu 155 manat müəyyən edilib. Bu işləyən əhali üzrə 164 manat, pensiyaçılardan ötrü 130 manat, uşaqlarda 136 manat təşkil edir. Ünvanlı sosial yardım isə 116 manat həcmində müəyyən olunub.
 
V.Bayramov deyib ki, bu sahə üzrə dəfələrlə sorğular keçiriblər:
 
“Son üç ildə əhalinin gəlirləri əhəmiyyətli dərəcədə dəyişib. Bunun da əsas səbəbi manatın devalvasiyaya uğramasıdır. Əgər 2014-cü ildə əhalinin aylıq gəliri iki min manatdan yuxarı olan hissəsi varlı sayılırdısa, indi bu göstərici 4 min manata yüksəlib. Səbəb də budur ki, 3 il öncə qiymətlər daha optimal idi”.
 
Yazıda bildirilir ki, ölkədə nominal aylıq maaş 2017-ci il sentyabrın 1-nə 524 manat təşkil edib.
 
Müəllif vurğulayır ki, son bir ildə əhalinin qazancının 8 faiz artdığı bildirilir. Ölkədə illik inflyasiya həddi 14 faiz təşkil edib.
 
Yazıda bildirilir ki, rəsmi rəqəmlərə görə, inflyasiya qazancı az qala iki dəfə üstələyib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru