SƏBRİN ƏHƏMİYYƏTİ VƏ HƏQİQƏTİ-2

SƏBRİN ƏHƏMİYYƏTİ VƏ HƏQİQƏTİ-2

-- ON DÖRDÜNCÜ SƏCİYYƏ: SƏBİR VƏ TƏMKİN

Səbirdən söz açan ayə və hədislərdə bu xislət və səciyyəyə verilən əhəmiyyət barədə söz çoxdur. Məsələn, “Rəd” surəsinin 22-24-cü ayələrində səbrin nəticəsi və mükafatı haqda belə buyurulur:

وَالَّذِينَ صَبَرُواْ ابْتِغَاء وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ الصَّلاَةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلاَنِيَةً وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُوْلَئِكَ لَهُمْ عُقْبَى الدَّارِ. جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ وَالمَلاَئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ. سَلاَمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ

“Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbir edib namaz qılan, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərcləyən və yaxşı əməlləri vasitəsilə pis işlərini aradan qaldıranları daimi diyar gözləyir. (Yəni) əbədi cənnətlərə daxil olarlar və onlara ataları, zövcələri və övladlarından (əqidə baxımından) layiq olanları da qatılar. Bu zaman mələklər hər bir qapıdan onların yanına daxil olaraq deyərlər: “Səbir və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olan bura) nə gözəldir!”

Göründüyü kimi, mələklər behişt əhlini səbir və dözümlülüklərinə görə salamlayırlar. Demək, səbirsiz həmin behişt də yoxdur.

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 82-ci qısa kəlamında belə buyurur: Sizə beş əməli tövsiyə edirəm ki, onları əldə etmək üçün (dabanlarınızla) dəvələrin qarnının altına vurmağınıza (sürətlə gedərək əzab-əziyyəti özünüzə rəva bilməyinizə) dəyər: (Birinci:) Rəbbinizdən qeyrisinə ümid bağlamayın, (ikinci:) günahınızdan başqa şeydən qorxmayın, (üçüncü:) soruşulan bilmədiyiniz şeyi “bilmirəm” deməkdən utanmayın, (dördüncü:) bilmədiyiniz şeyi öyrənməkdən utanmayın, (beşinci:) səbirli və təmkinli olun ki, səbrin imana nisbəti başın bədənə nisbəti kimidir və başsız bədəndə və səbirsiz imanda xeyir yoxdur.”

Demək, səbrin imana nisbəti başın bədənə nisbəti kimidir və onsuz imanın davamı mümkünsüzdür.

SƏBRİN HƏQİQƏTİ

Bəzilərinin səbrə baxışı yanlışdır və onu “əli əl üstə qoyub gözləmə” “fəaliyyət göstərməmə” kimi təsəvvür edir və ya “hər zülmə təslim olma” kimi yanlış mənalandırır! “Bəqərə” surəsinin 250-ci ayəsində buyurulur:

وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِ قَالُواْ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

“Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə (qəlblərimizə) səbir və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövmə qarşı kömək et.”

Bu ayə əli əl üstə qoyub gözləmək və ya zülmə tabe olmqla tam ziddir. Talutla qoşunu Allah-Taaladan səbir və dözüm istəyir ki, təlaş və fəaliyyətlə zülmlə mübarizə apararaq düşmənə qalib gəlsin və zülmün kökünü kəssinlər.

Səbrin növləri vardır ki, bu ayədə qeyd olunan onun biridir və günah və məsiyət müqabilində səbir, itaət və ibadət müqabilində səbir, ehtiras müqabilində səbir, haram mal müqabilində səbir, vəzifə müqabilində səbir, şeytani vəsvəsələr müqabilində səbir, nəfsin istəkləri müqabilində səbir və s. növlərə də rast gəlinir. Səbir və dözümü olmayan insanın zəhməti itər, həyatı boyu ağrı-acılarla ələ gətirdikləri əldən çıxar.

İlahi, bizim səbir və dözümümüzü artır! Bizi həqiqi səbir edənlər sırasına qat! Bizi səbir edənlərlə bir mükafatlandır! Elə et ki, daim Səndən razı qalaq və behiştin yüksək dərəcələrinə nail olaq! Amin! (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkarim Şirazi, səh.164-166.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru